Süni intellekt vasitəsilə saxta məhsullar necə aşkarlanır?
13.07.2026

"Dövlət Gömrük Komitəsində saxta məhsulların müəyyən edilməsi və əqli mülkiyyət hüquqlarının mühafizəsi sahəsində süni intellekt texnologiyaları və risk idarəetmə mexanizmlərindən yararlanılır".

Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) idarə rəisi Ələkbər Heydərov "Təhlükəsiz mobilliyə doğru" konfransında məlumat verib.

Onun sözlərinə görə, sistemdə malların mənşə ölkəsi, dəyəri və digər risk parametrləri analiz edilir:

"Məsələn, orijinal məhsulun konkret ölkədən gətirilməsi, qeyri-orijinal məhsulun isə fərqli ölkədən idxal olunması ilə bağlı məlumatlar, həmçinin qiymət və dəyər parametrləri risk idarəetmə sistemində dəyərləndirilir. Bu verilənlər süni intellekt vasitələri ilə təhlil olunur".

Ə.Heydərov əlavə edib ki, kontrafakt malların aşkarlanmasında gömrük əməkdaşlarının peşəkarlığı da mühüm rol oynayır. Əmtəə nişanlarının gömrük reyestrinə salınması isə nəzarətin effektivliyini artıran əlavə vasitədir.

visiontv.az