Rusiya XİN: Ermənistan gələn həftə KTMT-də səsvermə hüququndan məhrum edilə bilər
06.11.2026

KTMT Kollektiv Təhlükəsizlik Şurası gələn həftə üzvlük haqlarının ödənilməməsi səbəbindən Ermənistanın təşkilatda səsvermə hüququndan müvəqqəti məhrum edilməsi barədə qərar qəbul edə bilər.

Bu barədə Rusiya xarici işlər nazirinin müavini  Aleksandr Pankin  TASS-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ermənistan artıq iki ildən çoxdur ki, təşkilatın büdcəsinə üzvlük haqqını ödəmir, bu da Nizamnamədə nəzərdə tutulmuş məhdudiyyətlərin tətbiqi məsələsini qaldırmağa imkan verir.

Rusiya  XİN rəhbərinin müavini qeyd edib ki, söhbət  KTMT Nizamnaməsində nəzərdə tutulmuş texniki prosedurdan gedir. Onun sözlərinə görə, yekun qərar təşkilata üzv dövlətlərin başçılarının mövqeyindən asılı olacaq.

Qeyd edək ki, Ermənistan 2024-cü ildə KTMT-də iştirakını dondurduğunu elan edib və üzvlük haqlarının ödənilməsini dayandırıb. Eyni zamanda, təşkilatın nizamnaməsində üzvlüyün dondurulması proseduru nəzərdə tutulmur, buna görə rəsmi olaraq  Ermənistan Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanla birlikdə KTMT-nin üzvü olaraq qalır.

visiontv.az