Qaşqay Elxanı ailəsi Rza Pəhləvini dəstəklədikləri iddialarını təkzib edib
27.02.2026

Qaşqay Elxanı ailəsinin üzvləri rəsmi mövqe yayaraq Qaşqay elinin Rza Pəhləvini dəstəklədiyi barədə iddiaları rədd edib və bunu tarixi təhrif adlandırıblar.

Qaşqay türklərinə məxsus media orqanlarının yazdığına görə, sosial mediada Qaşqay elinin Rza Pəhləvini dəstəklədiyinə dair paylaşımlardan sonra Elxan ailəsinin tanınmış üzvlərindən Şirin Bahaduri Qaşqayi bu iddianı təkzib edib və vurğulayıb ki, Qaşqay türk elinin şəhidləri Səttarxan, Bağırxan, Soltədövlə Qaşqayi, Əmir Kəbir və Müsəddiq kimi şəxsiyyətlərin yolunu gedən insanlar olublar.

Bəyanatda qeyd olunur ki, Qaşqay elinin tarixi adı və mövqeyindən siyasi məqsədlər üçün monarxiya tərəfdarı qruplar tərəfindən istifadə edilməsi açıq tarixi təhrifdir və bu elin istibdada qarşı apardığı mübarizəyə hörmətsizlikdir.

Siyasi müşahidəçilər bu reaksiyanı qeyri-fars millətlərin öz tarixi və mübarizə kimliklərinin mərkəzçi cərəyanlar tərəfindən mənimsənilməsinə qarşı həssaslığının göstəricisi kimi qiymətləndirirlər. Onların fikrincə, istər mövcud hakimiyyət daxilində, istərsə də bəzi fars-mərkəzli müxalifət qruplarında qeyri-fars millətlərin tələblərinə münasibətdə oxşar yanaşma mövcuddur.

visiontv.az