Bu fikri ABŞ prezidentinin Ukrayna üzrə keçmiş təmsilçisi general Kit Kelloq PragerU media təşkilatinın Baş direktori Marissa Strayt ilə söhbətdə deyib.
General daha sonra deyib:
"Ukraynalıların haqqını vermək lazımdır. Amma Putinin istədiyi yalnız hakimiyyətdir. Sovet İttifaqını xatırlayın: onlar Əfqanıstandan 18 min əsgər itirərək çıxdılar. Putin isə 1,2–1,4 milyon insan itirib. Bu, ağlasığmaz rəqəmdir. Biz amerikalılar bunu heç vaxt qəbul etməzdik. Amma o, hakimiyyət uğrunda buna gedir. O, "xüsusi hərbi əməliyyat"a başlayanda düşünürdü ki, bütün Ukraynanı ələ keçirəcək. Amma keçirə bilməyəcək. O, qalib gəlmir. Əgər bu torpaqları fəth etməsə, onları əldə edə bilməyəcək. Mənim fikrimcə, indi o, artıq öz hakimiyyətdə qalması və hətta həyatda qalması üçün narahatdır. Ukraynalılar isə, bunu etiraf etmək lazımdır, çox inadla və çox bacarıqla döyüşüblər.
Gələcəyə baxanda — yəqin ki, artıq bu əsrdən sonrakı dövrə — təhlükəsizlik arxitekturası əvvəlki kimi olmayacaq. Əsas rol artıq Almaniya, Fransa və Böyük Britaniyada olmayacaq. Mərkəz şərqə doğru sürüşəcək. Siz bunun Finlandiya və İsveçdən başlayaraq Polşa, Ukrayna və Rumıniyaya qədər uzandığını görəcəksiniz. İnsanlar bunu qəbul etməli olacaqlar: dünya dəyişib. Ukrayna Avropanın Spartasına çevriləcək. Onların 800 min nəfərlik ordusu var. Belə sayda ordu heç kimdə yoxdur. Bizdə də belə say yoxdur. Onlar döyüşlərdə bərkimiş, peşəkar hərbçilərdir və öz ölkələri ilə fəxr edirlər.
Keçən qış onlar üçün çox ağır keçdi və Putin düşünürdü ki, bombardmanlarla onları sındıracaq. Amma o, ukraynalıları mənim gördüyüm kimi görmür. Mən orada olanda mənə dronların mülki insanlara necə hücum etdiyini göstərirdilər. İnsanlar metro sığınacaqlarına enirdilər və orada nə edirdilər? Onlar öz dövlət himnlərini oxuyurdular. Bir düşünün. Bunu onların əlindən almaq mümkün deyil. İkinci Dünya müharibəsi zamanı almanlar da britaniyalılarla eyni şeyi etməyə çalışmışdılar. Alınmadı. Mənim fikrimcə, Putin bu müharibədə uduzur. Əgər ehtiyatlı olmasa, sonuncu çar II Nikolay kimi aqibətlə üzləşə bilər. Kimsə ona qarşı çıxacaq və düşünürəm ki, o, məhz bundan qorxur".
visiontv.az