Unutmamalıyıq ki, müşahidə etdiyimiz təbiətin özü deyil, təbiətin bizim sorğulama metodumuza məruz qalan halıdır –W. Heisenberg
Heyzenberqin bu fikri yalnız kvant mexanikasının deyil, bütövlükdə insan idrakının ən böyük problemlərindən birinə toxunur: biz dünyanı olduğu kimi görürük, yoxsa onu görmək üçün seçdiyimiz üsulların imkan verdiyi qədər tanıyırıq? Klassik fizikada müşahidəçi təbiətdən kənarda dayanır, sanki baş verənləri heç nəyə toxunmadan qeydə alırdı. Kvant mexanikası isə bu təsəvvürün sərhədlərini göstərdi. Elektronun mövqeyini müəyyənləşdirmək üçün qurduğumuz təcrübə ilə onun impulsunu dəqiq ölçməyə yönəlmiş təcrübə eyni deyil. Hansı sualı verdiyimiz və onu necə yoxladığımız əldə etdiyimiz nəticədə mühüm rol oynayır. Bu, təbiətin insan şüurundan asılı olduğu demək deyil. Daha incə bir həqiqətdir: təbiət bizim suallarımıza cavab verir, amma cavabın hansı şəkildə üzə çıxacağını sualın quruluşu da müəyyənləşdirir.
Bu düşüncənin fəlsəfi nəticələri fizikanın hüdudlarından çox uzağa gedir. Tarixçi keçmişə sənədlərlə, psixoloq insanın daxili aləminə davranışlarla, riyaziyyatçı kainatın nizamına abstrakt strukturlarla yaxınlaşır. Hər biri gerçəkliyin müəyyən tərəfini üzə çıxarır, lakin heç biri onu bütünlüklə əhatə etmir. Elmin böyüklüyü də buradadır: o, yalnız cavablarımızı artırmır, suallarımızın nə qədər məhdud ola biləcəyini də bizə göstərir. Heyzenberqin fikrindəki ən ciddi xəbərdarlıq budur: bilmədiyimiz şeylə soruşmağı bacarmadığımız şeyi bir-birindən ayırmaq həmişə mümkün deyil. İnsan bəzən dünyanın sirrini aça bilmədiyi üçün deyil, həmin sirrə aparan sualı hələ tapa bilmədiyi üçün həqiqətdən uzaqda qalır.
İbrahim Nəbioğlu
visiontv.az