İran məktəbli geyimindən siyasi alət kimi istifadə edir
15.10.2026

İran parlamentinin Rəyasət Heyətinin üzvü Əlirza Səlimi Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində tətbiq olunan vahid məktəbli geyimi qaydalarını tənqid edərək, məsələni hicab və dini azadlıqlar üzərindən siyasiləşdirib.

O, Azərbaycanda hicablı şagird və müəllimlərin məktəbdən uzaqlaşdırılması və onlarla rəftarla bağlı iddialar səsləndirib.

Millət vəkili bildirib ki, cəmiyyətdə mənəvi tənəzzülün səbəblərindən biri nizamsızlıq və müəyyən standartlara əməl edilməməsidir. Onun sözlərinə görə, hicab bu problemlərin yeganə səbəbi olmasa da, cəmiyyətin mənəvi vəziyyətində əhəmiyyətli rol oynayır. İran rəsmisi bu şəraitdə cəmiyyətin tərəqqisinin mümkün olmadığını iddia edib.

O, habelə, Qərb ölkələrini digər xalqların inkişafını ləngitməkdə və onları nəzarət altına almağa çalışmaqda ittiham edib. Deputat heç bir konkret sübut təqdim etmədən Azərbaycanın məktəbli geyimi ilə bağlı siyasətinin Qərb ölkələrinin təzyiqi və göstərişləri nəticəsində formalaşmış ola biləcəyini irəli sürüb.

Əlirza Səliminin açıqlaması faktlara əsaslanan təhlildən daha çox, Azərbaycanı dini və siyasi müstəvidə hədəfə alan təbliğat ritorikasını xatırladır. Burada diqqət çəkən əsas ziddiyyət İran rəsmilərinin öz ölkələrində dövlətin dinə və şəxsi həyata müdaxiləsi məsələlərini müzakirə etmək əvəzinə, başqa bir dövlətin təhsil siyasətinə hökm verməyə çalışmalarıdır. İranda qadınların geyimi üzərində dövlət nəzarəti uzun müddətdir mübahisə mövzusudur. Belə bir şəraitdə Tehran nümayəndələrinin Azərbaycana azadlıq və mənəviyyat dərsi keçməyə çalışması ciddi suallar doğurur.

Daha ironik məqam isə budur ki, Səlimi bir tərəfdən Qərbi xalqların azadlığına mane olmaqda ittiham edir, digər tərəfdən isə Azərbaycanın qərarlarını müstəqil şəkildə qəbul edə biləcəyini nəzərə almır.

visiontv.az