ABŞ Ukraynaya yardım göstərməyə, onunla kəşfiyyat məlumatlarını paylaşmağa və müharibənin başa çatdırılması üçün Kiyev və Moskva ilə işləməyə davam edir. Bunu oktyabrın 14-də prezident Donald Tramp bildirib.
ABŞ prezidenti ölkəsinin müharibənin başa çatmasını istədiyini qeyd edib. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski də müharibəni bitirmək istəyirlər, ancaq "bunu necə edəcəklərini bilmirlər". Tramp iki ölkə lideri arasında "güclü nifrət" olduğunu vurğulayıb.
Oktyabrın 12-də axşam Rusiya Kiyevi ballistik raketlərlə atəşə tutub. Ukrayna Hərbi Hava Qüvvələri Rusiya ərazisindən raket buraxılışlarının qeydə alınmadığını, hava həyəcanının yalnız raketlər Kiyevə yaxınlaşanda verildiyini bildirib. Ukrayna prezidenti Volodimir Zelenski bu dəfə tərəfdaşların xəbərdarlıq etmədiyini söyləyib.
Ukraynanın xarici işlər naziri Andriy Sibiqa sonradan deyib ki, ölkəsi ABŞ-dən kəşfiyyat məlumatları almağa davam edir, hava həyəcanının gec elan olunması isə Rusiyanın "spesifik silah növündən" istifadəsi ilə bağlıdır.
Tramp ötən gün Rusiyadan dizel yanacağı ixracına icazə verməsi ilə bağlı sualı da cavablandırıb. ABŞ-də hər iki partiyadan olan konqresmenlər bu razılaşmanı tənqid ediblər.
visiontv.az