İran əsilli şəxs ABŞ-nin BMT-dəki müşaviri təyin edilib
06.07.2026

ABŞ-nin BMT-dəki səfiri Mayk Uolts İran əsilli Elham (Eli) Kohanimin Amerikanın BMT-dəki Daimi Nümayəndəliyində baş siyasət müşaviri vəzifəsinə təyin olunduğunu açıqlayıb.

Uolts bildirib ki, Tehranda anadan olan Kohanim 1979-cu ildə İslam İnqilabından və yəhudi icmasına qarşı təzyiqlərin artmasından sonra ailəsi ilə birlikdə ABŞ-yə köçüb və Nyu-Yorkda böyüyüb.

"Elinin hekayəsi Amerika hekayəsidir. Ailəsi İrandakı təqiblərdən qaçaraq Nyu-Yorkda yeni həyat qurub. O, bütün karyerasını Amerikaya xidmətə, azadlığın müdafiəsinə və antisemitizmlə mübarizəyə həsr edib. BMT-də məhz belə inam və cəsarətə ehtiyac var”, - deyə səfir vurğulayıb.

Fars və ivrit dillərini sərbəst bilən Kohanim Donald Trampın ilk prezidentlik dövründə ABŞ Dövlət Departamentində Antisemitizmin Monitorinqi və Ona Qarşı Mübarizə üzrə xüsusi elçinin müavini vəzifəsində çalışıb.

visiontv.az