İranlı araşdırmaçı Mohsen Əsədi Movəhhedin məqaləsində bu məsələdən bəhs edilir. Sitat: "İran ilə ABŞ arasında gərginliyin azalması və mümkün bir razılaşma sadəcə iki tərəfli bir hadisə deyil, Fars körfəzindən Cənubi Qafqaza qədər regionun təhlükəsizlik və iqtisadi nizamını yenidən formalaşdıran mühüm bir amildir. Bu vəziyyət Ermənistan üçün yeni imkanlar yaradır.
Məqalədə 3 əsas istiqamət vurğulanır:
1. İnkişaf hüququ və tranzit təminatı:
Sanksiyaların yaratdığı maliyyə və bank məhdudiyyətləri İran və Ermənistan arasında infrastruktur layihələrinin icrasına mane olur. Tehran və Vaşinqton arasında razılaşma bu maneələri qaldıra bilər. Qurudan dənizə çıxışı olmayan Ermənistan üçün İran ərazisindən keçən marşrut sadəcə iqtisadi seçim deyil, həm də beynəlxalq sulara və Fars körfəzinə çıxışın təminatıdır.
2. Sünik (Zəngəzur) üzərində suverenlik və sərhədlərin toxunulmazlığı:
Məqalədə qeyd olunur ki, beynəlxalq hüquqda "tranzit hüququ" ilə "suverenliyin başqasına verilməsi" fərqli anlayışlardır və heç bir ölkənin tranzit keçidi digər ölkənin suverenliyi hesabına ola bilməz. Sünik Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisidir və oradakı bütün iqtisadi-nəqliyyat xətləri Ermənistanın qanunlarına və nəzarətinə tabe olmalıdır. İranın beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinə qarşı çıxması regionda yeni münaqişələrin qarşısını almaq məqsədi daşıyır.
3. Hüquqi balans və regional rol:
İran və ABŞ arasında gərginliyin azalması Tehranın regional məsələlərdə daha qurucu rol oynamasına şərait yaradacaq. Dayanıqlı təhlükəsizlik kənar güclərin rəqabəti ilə deyil, region ölkələrinin öz iştirakı ilə formalaşmalıdır.
Nəticədə Tehran və Vaşinqtonun razılığa gəlməsi Ermənistanın milli suverenliyinin güclənməsinə, Sünikin hüquqi mövqeyinin möhkəmlənməsinə və legitim tranzit dəhlizlərinin inkişafına kömək edə bilər. Cənubi Qafqazda dayanıqlı sülh təkcə güc balansı ilə deyil, beynəlxalq hüquq qaydalarına əsaslanan "hüquqi balans" vasitəsilə mümkündür.
visiontv.az