Əsas risk mənbələri İran, Əfqanıstan və Rusiyadan keçmiş döyüşçülərdir
20.05.2026

Avropa İttifaqının (Aİ) sızdırılmış təhlükə qiymətləndirməsinə görə, terrorçuluq və zorakı ekstremizm bloka ciddi təhlükə yaradır. Əfqanıstan və İrandan qaynaqlanan risklər artır, Ukraynadakı müharibənin mənfi təsirləri isə Avropaya yayılır. Sənəddə Aİ-də təhdid səviyyəsinin "yüksək" olduğu, islamçı-cihadçı terrorçuluğun əsas narahatlıq mənbəyi olaraq qaldığı qeyd edilir. "Europol" da mart ayındakı qiymətləndirmədə terror təhlükəsini "kəskin" adlandırıb.

İran, Əfqanıstan

23-səhifəlik sənəd Aİ Şurası tərəfindən hazırlanıb və 2025-ci ildəki inkişaf və tendensiyaları əhatə edir. Hesabata görə, İrandakı eskalasiya "Avropada cavab xarakterli terror hücumları törətmək üçün proksi şəbəkələrin və ya gizli hüceyrələrin aktivləşdirilməsi" riskini artırıb. Bu riskin böyük yəhudi və müsəlman icmalarının yaşadığı ölkələrdə yüksək olduğu bildirilir.

Əfqanıstanla bağlı hissədə isə "İslam Dövləti – Xorasan Vilayəti"nin qitə üçün əsas xarici təhdidlərdən biri olduğu vurğulanır. Qruplaşmanın xüsusilə gəncləri hədəfləyən onlayn təbliğat fəaliyyətini davam etdirdiyi qeyd olunur.

Terror təhlükəsi cildini dəyişir, amma...

Bu il Avropada təsdiqlənmiş terror hücumlarının sayı çox olmasa da, yaxınlarda Londonda iki yəhudi kişinin bıçaqlanması Britaniya polisi tərəfindən terror hadisəsi kimi qiymətləndirilib. Hücuma görə məsuliyyəti İran tərəfdarı islamçı "Hərəkat Əshab əl-Yəmin əl-İslamiyyə" qruplaşması üzərinə götürüb. Qrupun İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqələrinin olduğu güman edilir.

Sızdırılmış sənəddə terror təhlükəsinin xarakterinin dəyişdiyi vurğulanır: təşkilatlanmış terror şəbəkələri əvvəlki əməliyyat imkanlarının böyük hissəsini itirsə də, fərdi şəxslərin ekstremist ideologiyanın təsiri altında zorakılıq törətmək potensialı qalır. İslamçı hücumlar əsasən bıçaq, küt alətlər, odlu silahlar, əldəqayırma partlayıcı qurğular və nəqliyyat vasitələri ilə həyata keçirilir.

Azyaşlıları radikal qruplardan necə qorumalı

Narahatlıq yaradan tendensiyalardan biri 12-yaşlı uşaqların belə radikal qruplara cəlb edilməsidir. Bu proses əsasən "Telegram" və "TikTok" kimi populyar onlayn platformalar üzərindən idarə olunur. Hesabatda Aİ-yə həmin platformaların tövsiyə alqoritmlərini məhdudlaşdırmağı tələb etmək məsləhət görülür; bu, azyaşlıların ekstremist məzmunları tapmasını və onlara qoşulmasını çətinləşdirəcək.

Rusiyanın Ukraynaya qarşı müharibəsinin Avropada terror təhlükəsinə təsiri indiyədək məhdud olsa da, müharibə zonasından çıxan kiçik silahlar və partlayıcı maddələrin orta və uzunmüddətli nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edilir. Brüssel həmçinin Rusiyadan keçmiş döyüşçülərin Aİ-yə daxil olaraq cinayət fəaliyyəti və ya digər zorakı hərəkətlər törədə biləcəyindən narahatdır. Rusiya Ukraynada döyüşmək üçün təxminən 180 min məhbusu cəlb edib. Bu keçmiş döyüşçülərə Şengen zonasına giriş qadağasının tətbiqi ilə bağlı təklifin iyunda veriləcəyi gözlənilir.

visiontv.az