ABŞ səfiri Barrak Suriyada aviabazaya hücumlarda İsraili günahlandırıb, bunu lazımsız eskalasiya adlandırıb
18.08.2026

İsrailin Suriyanın “Əl-Duhur” aviabazasına hücumları lazımsız eskalasiyadır və regional sabitliyə töhfə vermir.

 Bunu  ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak “X” hesabında yazıb.

O bildirib ki, Suriya hökuməti nə “təcavüzkar” mövqedən çıxış edir, nə də proksi qüvvələrin nəzarətindədir.

Barrakın sözlərinə görə, Suriya İsraillə münasibətlərdə deeskalasiyaya üstünlük verdiyini dəfələrlə nümayiş etdirib.

ABŞ səfiri hazırda qüvvədə olan deeskalasiya razılaşmalarının bütün əlaqəli tərəflərlə dialoq nəticəsində ərsəyə gəldiyinə toxunub.

“Amerika Birləşmiş Ştatları hələ də təmkin və qarşılıqlı əlaqənin daha konstruktiv bir kurs olduğuna inanır. Bütün tərəfləri gələcək hərbi hadisələrə deyil, məntiqi mülahizələrə üstünlük verməyə çağırırıq”, - Tom Barrak qeyd edib.

Xatırladaq ki, Suriyanın İdlib bölgəsində “Əl-Duhur” aviabazasına 8 zərbə endirilib. Suriya hökuməti hücumlarda İsraili günahlandırıb.

visiontv.az