Uqandada malyariyanın dərmanlara davamlı yeni növü aşkar edilib
18.08.2026

Uqandada indiyədək elmə məlum olmayan və dərman preparatlarına qarşı davamlılıq göstərən yeni malyariya variantı aşkarlanıb. Bu davamlılığın PX1 genində əvvəllər məlum olmayan mutasiyalarla əlaqəli olduğu müəyyənləşdirilib. Sözügedən mutasiyalar ölkənin bəzi bölgələrində tədqiq olunan ştammların təxminən yarısında aşkar edilib.

Visiontv.az  xəbər verir ki, bu barədə Braun Universitetinin araşdırmasına istinadən "Nature Medicine" jurnalında məlumat dərc olunub.

Tədqiqat zamanı malyariya müalicəsi nəticə verməyən xəstələrdən götürülmüş 150-dən çox qan nümunəsi araşdırılıb. DNT analizi nəticəsində PX1 genində indiyədək dərmanlara davamlılıqla əlaqələndirilməyən beş fərqli mutasiya aşkar edilib.

Laboratoriya şəraitində aparılan sınaqlar zamanı müəyyən olunub ki, bu dəyişikliklər plazmodiumun lumefantrin, artemisinin və digər müalicə vasitələrinə qarşı müqavimətini dəfələrlə artırır.

Əvvəllər dərmanlara davamlılığın əsas genetik indikatoru kimi KELCH13 geni qəbul edilirdi. Lakin yeni araşdırma plazmodiumun fərqli mexanizmlər vasitəsilə də preparatlara qarşı müqavimət formalaşdıra bildiyini göstərir.

Mütəxəssislər 2004-2024-cü illər ərzində Uqandadan toplanmış 1 500-ə yaxın plazmodium nümunəsini təhlil ediblər. Nəticədə məlum olub ki, PX1 mutasiyaları 2000-ci illərin ortalarından etibarən meydana çıxıb və sürətlə yayılmağa başlayıb. Hazırda bəzi bölgələrdə qeydə alınan ştammların təxminən yarısı bu mutasiyaları daşıyır.

Alimlərin xəbərdarlığına görə, bu variantların yayılması mövcud müalicə üsullarının effektivliyini azaldaraq malyariyaya qarşı mübarizəni daha da çətinləşdirə bilər. Tədqiqatçılar davamlı infeksiya törədən variantları vaxtında aşkarlaya biləcək yeni diaqnostik vasitələrin və müalicə preparatlarının hazırlanmasının vacib olduğunu bildirirlər.

Malyariya, xüsusilə  Afrikanın Saharadan cənubunda yerləşən ölkələr üçün əsas yoluxucu xəstəlik təhdidlərindən biri olaraq qalır.

Dərman preparatlarına davamlı yeni variantların yayılması xəstəliyin daha ağır formalarının artmasına səbəb ola bilər.

visiontv.az