Rumıniyada keçirilən festivalda Azərbaycan muğamı təqdim olunub
18.08.2026

Mədəniyyət Nazirliyinin və Azərbaycanın Rumıniyadakı səfirliyinin dəstəyi ilə Azərbaycan muğam mədəniyyəti Rumıniyanın Maramureş vilayətinin Tsırqu-Lapuş şəhərində keçirilən festivalda təqdim edilib.

Bu barədə  Azərbaycanın Rumıniyadakı səfirliyindən məlumat verilib.

Maramureş vilayəti Gününə həsr olunan Rumıniya, Moldova, Ukrayna, Albaniya, Azərbaycandan vokal və rəqs ansambllarının iştirak etdiyi festivalda  Azərbaycanı təmsil edən sənətçilər milli musiqi və muğam nümunələrini təqdim ediblər.

Tədbiri Rumıniyanın və iştirakçı ölkələrin dövlət rəsmiləri ziyarət ediblər.

Festivalda iştirak edən  Azərbaycan Dövlət  Akademik Filarmoniyasının, F.Əmirov adına  Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının solistləri - Televiziya Muğam müsabiqəsinin laureatı, xanəndə Rəvanə Qurbanova, kamançaçı, Əməkdar artist  Xəyyam Məmmədov və tarzən, ansamblın meneceri, Əməkdar mədəniyyət işçisi Elçin Abbasov tədbirin təşkilatçıları tərəfindən təltif olunublar.

Tədbirdə  Azərbaycanın Rumıniyadakı səfiri  Qüdsi Osmanov və  Xankəndi şəhərində, Ağdərə və  Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

visiontv.az