Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən bu ilin ötən dövrü ərzində suda boğulma təhlükəsi ilə üzləşən 67-si çimərlik mövsümündə olmaqla, 73 nəfər xilas edilib.
Bunu FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin böyük inspektoru kapitan Fərid İlhamoğlu söyləyib.
O bildirib ki, Xidmətin nəzarətində olan çimərlik ərazilərində ölümlə nəticələnən heç bir sudaboğulma hadisəsi qeydə alınmayıb: “Xidmətin dalğıc-xilasediciləri tərəfindən qeyri-çimərlik ərazilərində və digər nəzarətsiz su hövzələrində 53 vətəndaşın meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib”.
“FHN bir daha əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət etməyə, çimərlik kimi fəaliyyət göstərməyən qeyri-çimərlik ərazilərindən istifadə etməməyə, xüsusilə küləkli hava şəraitində dalğalı dənizə girməməyə çağırır”, - deyə Fərid İlhamoğlu əlavə edib.
visiontv.az