Türkiyəli nazir müavini: Orta Dəhlizdə ciddi hərəkətlilik olacaq
25.09.2026

Ermənistanla sülh müqaviləsi imzalansa, həm Türkiyə, həm də Azərbaycan üçün Qərbə doğru hər cür nəqliyyat və digər imkanlar yaranacaq.

Bunu Türkiyənin ticarət nazirinin müavini Sezai Uçarmak II  Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Azərbaycan Cənubi Qafqaz–Mərkəzi  Asiya strateji tərəfdaşlıqlarının mərkəzində: Regional əməkdaşlığın əsas hərəkətverici qüvvəsi” adlı panel müzakirədə deyib.

O bildirib ki, infrastruktur baxımından hər hansı problem yoxdur. Belə ki, Türkiyənin  Azərbaycanda təxminən 7 min şirkəti fəaliyyət göstərir. Azərbaycanın isə 3 mindən çox, təxminən 3 200 şirkəti Türkiyəyə investisiya yatırıb.

“Ümumilikdə  Azərbaycan və Türkiyə arasında investisiyaların həcmi təxminən 39-40 milyard dollara çatıb. Bu, əslində, Türkiyədə xarici investisiyalar baxımından ən böyük ölkənin  Azərbaycan olduğunu, azərbaycanlı investorların Türkiyəyə rahat şəkildə güvəndiyini göstərir”, - nazir müavini vurğulayıb.

Sezai Uçarmak qeyd edib ki, Azərbaycan Şərqlə Qərb arasında yerləşir. Xəzərin sahilində Şərq üçün bir körpü, Qərb üçün isə son nöqtə rolunu oynayır: “Burada beynəlxalq ticarətdən pay əldə etmək və bu ticarətin tranzitini investisiyaya çevirmək üçün beynəlxalq qaydaları qəbul etmək və onlara uyğunlaşmaq məsələsində bir qədər tələsmək lazımdır. İnvestorlar həssas olurlar. Buna görə də əsas qaydalar insanlara əvvəlcədən təqdim edilməlidir. Bu qaydalar bütün investorlar üçün baza prinsipi kimi müəyyənləşdirilməlidir”.

O qeyd edib ki, Şərqlə Qərb arasında Orta Dəhlizdə ciddi hərəkətlilik olacaq, çünki bütün ölkələr infrastruktura investisiya yatırır.

visiontv.az