AYİB: Azərbaycan sənaye zonalarının ekosistemə çevrilməsi istiqamətində mühüm mərhələyə qədəm qoyub
25.09.2026

Azərbaycanda sənaye zonalarının iqtisadi ekosistemə çevrilməsi üçün bütün imkanlar var.

Bunu  Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycan üzrə ölkə meneceri Natali Mouravidze Bakıda keçirilən  Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) panel müzakirəsi zamanı deyib.

O bildirib ki, müasir dövrdə sənaye zonalarının inkişafında əsas istiqamətlərdən biri onların bütöv iqtisadi ekosistemə çevrilməsidir.

“Əvvəllər investorlar sənaye zonalarına gəlib zavod tikməyə fokuslanırdılar. İndi isə onlar regiondan hansı bazarlara çıxa biləcəklərini, müxtəlif bazarları əhatə etməyin mümkün olub-olmadığını və hansı ekosistemin mövcud olduğunu soruşurlar”, – Mouravidze deyib.

O qeyd edib ki, AYİB-in müxtəlif ölkələrdəki təcrübəsi sənaye zonalarının təchizatçıların, alıcıların və istehsalçıların bir araya gəldiyi ekosistemə çevrildiyi layihələrin daha səmərəli inkişaf etdiyini göstərir.

“Azərbaycanda bunun üçün bütün əsas imkanlar artıq mövcuddur. Hesab edirəm ki, Azərbaycan sənaye zonalarının ekosistemə çevrilməsi istiqamətində yeni və mühüm mərhələyə qədəm qoyub”, – AYİB rəsmisi bildirib.

Mouravidze vurğulayıb ki, istehsalçıların inkişafı ilə yanaşı, onların təchizatçılarla əlaqələrinin gücləndirilməsi və bütün bu imkanların vahid sistemdə birləşdirilməsi  Azərbaycanın sənaye və ixrac potensialının artırılmasına xidmət edə bilər.

visiontv.az