XALİDƏ HİCRAN HİKMƏTLİ BEYTLƏR
23.09.2026

4 cildlik “ HİKMƏT XƏZİNƏSİ”, 3- cü cild. İYİRMİNCİ HİSSƏ

Asılsaydı gər göydən arzu diləklərimiz,

İnsanlardan nərdivan qurar bəzilərimiz

                              ***

Eşşək çox çullansa da, xoruzlanmır qoyuna,

Bir söz demir qoyuna, baxanda öz boyuna.

                              ***

Bir gülşən varmıdır ki, ola acı tikansız?

Acı dillə sancmamaq daim olub imkansız

                              ***

İnsan əlindəkini istəsə əgər bölə,

Dünyada heç olmazdı nə bir ağa, nə kölə.

                                ***

Tək öz mənafeyini güdməsəydi hər insan,

Hər cürə rəzalətdən azad olardı cahan.

                                ***

Gər layiq olduğunu tale sənə verməsə,

Qınama sevdiyini, gözü səni görməsə.

                                ***

Bir yetimin ki əgər görsən üzü solubdur,

Budaqdan gül qırılsa, bil ki, gözü dolubdur.

                                 ***

Fələk bildiyin sayar, siz nə sayırsız, sayın,

Gönü qalın olandan qəti olma arxayın.

 

Dərdin ağır daşdırsa, dumanlı dağ başıdır,

Ey insan oğlu, təbin təbiətlə tarazdır.

                              ***

Dünya bir aş qazanı, axtar qarışdıranı,

Qarışdıranı tapsan, biləcəksən dadını.

                              ***

Söz də dönüb "söz" olur, qəlbi əyri görüncə,

Dilə, ağıza düşər, paxıl ona gülüncə.

                               ***

Qazanına uzansa əgər paxıl bir çömçə,

O qazandan yeməkdən sən əlin üz ölüncə.

                              ***

Zamanəylə davranmaq insanlardan asandır,

İnsanlardan çəkənlər zamanəni aşandır.

                               ***

Yaş üstə yaş gəlsə də, xasiyyət dəyişməzdir,

Hər kəslə bir doğulur, ölüncə o şəxslədir.

                                 ***

Ta əzəldən belədir insanların fərsizi,

Acizin zalımıdır, zalımınsa acizi.

                                 ***

Tarimar olsa əgər, hər könül eylər fəğan,

Vüsalı qəm olanın cəzası olar hicran.

                                 ***

Salmışsa könlün səni qəm rüzgarı önünə,

Ömür qəmlə keçirsə, nə çarə, döz qəhrinə.

                                 ***

Hansı dil bacarmasa gözələ gözəl demək,

O hətta Günəşə də ləkəlidir deyəcək.

                               ***

Zəmanə ayağından yapışsaydı doğrular,

İndi dünyanı belə bürüməzdi oğrular.

                                ***

Yaltaqlar dəyişməzlər, saçına düşsə də dən,

Zülmətə üz tutarlar, deyərlər Günəş sənsən.

                                ***

Eşq elə badədir ki, kimi çəkir başına,

Kimi ondan məhrumdur, yazılmayıb baxtına.

                                 ***

Göz görməsə sevdiyin, göz də qəmə batacaq,

Qəlbin gileyi varsa, göz qəlbini satacaq.

                                   ***

Əgər bir gün istəsən, əhdini bağlayasan,

Onda gərək o işi qəlbindən soruşasan.

                             ***

Yoxdur bir kəs düşünə divarın o üzünü,

Başına yorğan çəkən gizlədir öz-özünü.

                              ***

Yoxsa sözün əsili, bənzər nəsli xərabə,

Söz var, əsilzadədir, qulluq edər ədəbə

                               ***

İnsanlığın təməli əgər ki sevgidirsə,

Təəccüb etmə, sevənlər hər cəfaya dözürsə.

                                ***

Etsə canlıya zülüm, hər kəs özünə edir,

İlan tutsan əlində, ilan da gözləyir əmr.

                                ***

Buludlar ağlasa da torpağın həsrətindən,

Sən onun xeyrini soruş susuz zəmilərdən.

                                 ***

Olsaydı gər tufanın yağışdan bir qorxusu,

Heç qırmazdı yağışın becərdiyi kol-kosu.

                                 ***

Ey insan, həm gözəlsən, hər canlıdan güclüsən,

Həm səhmana salan sən, həm səhmanı pozan sən.

                                  ***

İnsanın ağlına riayət etsə qəlblə əl,

Cahanda sülh içində yaşayardı hər bir el.

                                   ***

Dil əgər istəmirsə qala isti ağızda,

Söz-söhbəti deyəcək həm bahar, həm də qışda.

                                    ***

Həddini aşsa sevgi, o da bəla gətirir,

Havalı başdan isə dəlilik bəhrələnir.

                                  ***

Qəlbi əyri düz baxsa, yenə düz görməz gözü,

Qəlb gözü əyəndə, göz xəcələt çəkir özü.

                                 ***

Kim özünə qıymadı ki, dəymə, bu qalası,

Onu nə özü yedi, nə də əziz balası.

                                  ***

Gər əsl günahkarlar çəkilsəydi küt şişə,

Yarayardı çox insan, şübhəsiz ki, bu işə.

                                  ***

Kimiləri hey olar düzgünlüyündən üzgün,

Kim də üzgün olar, yaddan çıxarar düz sözün.

                                   ***

Yoxsa gözün baxmağa paxıllıqdan bir kəsə,

                              

Düşün o zəhmətləri, sən çəkdinmi bir kərə?

                                 ***

Bir yetim məcburdursa pis əmələ, pis işə,

O toplumun hamısı səbəbkardır o işə.

                                  ***

Tanısan bir günahkar, sor mənbəyin, axtar, tap.

Onda təəccüb edərək çəkəcəksən min bir ah.

                                   ***

Özgədən umduğunda vardırsa min bir mətləb,

Özgədən umduğunu özündən də et tələb.

                                   ***

Özgəni sorğularkən, özünə də bax hərdən,

Özünə nəzər yetir, sor özünü özündən.

                             ***

Yüz ağıllı loğman da acizdir edə dərman,

Yazılıbsa yazısı, o dərdlə gedə burdan.

                                    ***

Taleyi dəyişməyə yetsəydi insan əli,

Ağıllı tapılmazdı, hamı olardı dəli.

                                 ***

Canını qorumasan gər özünün başından,

Yüz loğman başı gəlsə, bil ki, edəmməz dərman

                                  ***

Yay çəkdim tarım-tarım, ovu harda axtarım,

Hədəfin bəlli olsa, oxu orda axtarım.

                                   ***

Yığ xarala buğdanı, hey görərsən siçanı,

Xaralda buğda yoxsa, axtarma sən siçanı.

                                    ***

Günəşin ixtiyarı olsa paxıl insanda,

Zülmət meydan sürərdi bu işıqlı dünyada.

                                   ***

Bir həyat nişanəsin gər qazansaydı ruhlar,

"Pisliklərə dayanın"- birinci deyər onlar.

                                   ***

Almasaydı gər zülmətdən öz rəngini kölgə,

Yox olardı Günəşin doğmağını görüncə.

                                     ***

Unutmasan pisliyi ömrün astanasında,

Hər qapın açılanda rastına çıxar orda.

                                     ***

Hər düşən yarpağının dərdini çəksə ağac,

Yenidən birdə heç vaxt yaşıl olmaz o ağac.

 

Xalidə Hicran

 

visiontv.az