Sədr müavini: Qazaxıstan Xəzərdə su səviyyəsinin azalması ilə bağlı qabaqlayıcı tədbirlər görür
25.09.2026

"Qazaxıstan və Azərbaycan arasında tərəfdaşlıq Orta Dəhlizin gələcək inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır".

Bunu “Kazakhstan Temir Zholy” şirkətinin İdarə Heyəti sədrinin müavini Yerlan Koyşibayev II  Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Azərbaycan Cənubi Qafqaz–Mərkəzi Asiya strateji tərəfdaşlıqlarının mərkəzində: Regional əməkdaşlığın əsas hərəkətverici qüvvəsi” adlı panel müzakirədə deyib.

O bildirib ki, Orta Dəhlizin inkişafı yalnız alternativ nəqliyyat marşrutunun yaradılması deyil, Çin, Mərkəzi  Asiya, Xəzər regionu və  Avropanı birləşdirən etibarlı, rəqabətqabiliyyətli və dayanıqlı logistika sisteminin qurulmasıdır: “Orta Dəhlizin gələcək potensialını müəyyən edən əsas istiqamətlərdən biri marşruta artan tələbatdır. son üç ildə Çindən Orta Dəhliz vasitəsilə həyata keçirilən konteyner tranzit 38 dəfə artıb. Hazırda Çin–Avropa marşrutu üzrə Orta Dəhliz vasitəsilə konteynerlərin daşınması 13-17 gün çəkir. Məqsəd bu müddəti 10-12 günə endirməkdir. Bu istiqamətdə Çin, Qazaxıstan, Azərbaycan və Gürcüstan dəmir yolları arasında vahid operator və “vahid pəncərə” sistemi yaradılıb. Məqsəd rəqəmsal məlumat mübadiləsini, əməliyyatların sinxronlaşdırılmasını və daşımaların daha səmərəli idarə edilməsini təmin etməkdir”.

Qazaxıstanlı rəsmi Orta Dəhlizin inkişafında Xəzər dənizindəki infrastrukturun da mühüm rol oynadığını bildirib: “Qazaxıstan  Xəzər dənizində su səviyyəsinin azalması ilə bağlı qabaqlayıcı tədbirlər görür. Aktau limanında yeni körpünün tikintisi başa çatdıqdan sonra limanın dərinliyinin 4,5 metrdən 8 metrə çatdırılması nəzərdə tutulur".

visiontv.az