"Polşa 10 000-ə qədər ABŞ əsgərini daimi əsasda öz ərazisində yerləşdirməyə hazırdır".
Visiontv.az-ın xəbərinə görə, bu barədə Polşa baş nazirinin müavini və xarici işlər naziri Radoslav Sikorski Nyu-Yorkda Xarici Əlaqələr Şurasında keçirilən tədbirdə məlumat verib.
Polşa xarici işlər nazirinin sözlərinə görə, Varşava ABŞ qüvvələrinin ölkənin təhlükəsizliyini təmin edəcək, lakin Rusiya üçün təhlükə kimi qəbul edilməyəcək mövcudluğuna ümid edir.
"Bizə ABŞ-nin mövcudluğu lazımdır ki, bizi sakitləşdirsin, lakin Rusiya üçün təhlükə yaratmasın. Və ümid edirik ki, ABŞ Prezidenti Donald Tramp bizim prezidentimizə bu məsələdə verdiyi vədin üzərində dayanacaq", - deyə Radoslav Sikorski qeyd edib.
Siyasətçinin qiymətləndirməsinə görə, bunun üçün Polşaya təxminən 10 000 ABŞ hərbçisi kifayət edərdi. Hazırda Polşa ərazisində rotasiya əsasında təxminən 6500-7000 ABŞ hərbçisi var. Onların sayı 2026-cı ilin yazında ABŞ rotasiyasında dəyişikliklərdən sonra azalıb.
visiontv.az