ABŞ-nin dövlət katibi Marko Rubio bu həftəsonu Almaniyada Münxen Təhlükəsizlik Konfransına qatılacaq. Daha sonra onun Slovakiya və Macarıstana səfəri gözlənilir. Bu haqda Dövlət Departamenti açıqlama yayıb.
Bu səfər Vaşinqtonla Avropa müttəfiqləri arasında təhlükəsizlik, ticarət, transatlantik alyansın gələcəyi ilə bağlı inamsızlığın dərinləşməsi fonunda gerçəkləşir. AzadlıqRadiosunun Vaşinqton müxbiri Aleks Raufoğlu yazır ki, bu gərginliklərin Münxendəki müzakirələrin mərkəzində duracağı gözlənilir.
Daha bir böyük mövzu isə Rusiyanın Ukraynada dörd ili tamam olan işğalçı müharibəsidir.
Rubio Münxendə fevralın 13-15-də, Bratislava və Budapeştdə isə fevralın 15-16-da olacaq.
Slovakiyada dövlət katibi regional təhlükəsizlik əməkdaşlığı və nüvə enerjisi layihələrini, Macarıstanda ikitərəfli əlaqələri, qlobal konfliktlərin həllinə yönəlik sülh səylərini müzakirə edəcək.
Rubionun Münhendə fevralın 14-nə gözlənən çıxışı diqqətlə izlənəcək. Ötənilki konfransda vitse-prezident Cey Di Vensin çıxışı əks-səda yaratmışdı. O, Avropa liderlərini azad sözü boğmaqda, miqrasiyasını idarə edə bilməməkdə suçlamışdı. Bu fikirlər Brüssel və başqa yerlərdə əndişəyə səbəb olmuşdu.
A.Raufoğlu yazır ki, bu narahatlıq konfransın illik hesabatından hiss olunur. Bu həftə dərc olunan sənəddə deyilir ki, Rusiyanın təcavüzü Avropanı "uzunmüddətli qarşıdurma erası" ilə üz-üzə qoyub.

Hesabata görə, beynəlxalq liberal düzənə ən böyük problem içəridən yarana bilər, Birləşmiş Ştatların alyanslara yanaşmasında tektonik dəyişiklik baş verdiyi qeyd edilir.
Müəlliflər ABŞ prezidenti Donald Trampı "mövcud qaydalara və institutlara balta vuran ən güclü şəxs" adlandırır, belə proqnoz verirlər ki, "sövdələşməyə əsaslanan razılaşmalar prinsipial əməkdaşlığın yerini tuta bilər".
ABŞ-nin NATO-dakı səfiri Mettyu Uitaker "daxili təhdid" dəyərləndirməsini qəti rədd edib. O, Vaşinqtonun müharibədən sonrakı düzəni dağıtmaq deyil, yenidən balanslaşdırmaq istədiyini deyir.
"Biz NATO-nu daha güclü etmək istəyirik", – səfir fevralın 9-da jurnalistlərə deyib. Onun sözlərinə görə, müdafiə xərclərini artırmaq üçün Avropa müttəfiqlərinə edilən təzyiq əvvəlki öhdəliklərdən imtina yox, döyüş qabiliyyətinin artırılması ilə bağlıdır.
Trampın Qrenlandiyanın ABŞ-nin nəzarətinə almaq istəməsinə gəlincə, səfir bunu Rusiya və Çinə bağlı təhlükəsizlik məsələsi adlandırıb.

Deniel Frid ABŞ-nin Avropa və Avrasiya məsələləri üzrə yeddi administrasiyada dövlət katibinin köməkçisi kimi xidmət edib. O bu yaxınlarda Buxarest, Varşava və Praqaya səfərdən qayıdıb.
Fevralın 9-da AzadlıqRadiosuna müsahibədə Frid bildirib ki, transatlantik müttəfiqlər arasında narahatlıq anlaşılandır, amma Avropanın "əlini dizinə vurması" strateji baxımdan çıxılmaz vəziyyətə çevrilə bilər.
"Narahatlığı anlayıram, amma sadəcə əllərini sallayıb, qorxudan geri atıla bilməzsiniz", – deyən Fridin fikrincə, Avropa üçün çıxış yolu şikayətlənmək yox, problemi həll etməkdir.
O düşünür ki, mövcud gərginliyin mərkəzində "ABŞ-nin iştirakı" anlayışının necə müəyyən edilməsidir. Tənqidçilər mövcud təhlükəsizlik arxitekturasından fundamental geri çəkilmə əlamətləri görürlər. Frid isə yenidən balanslaşdırma ilə uzaqlaşma arasında tam fərqdən danışır.
"Eyzenhauer dövründən bəri ABŞ prezidentləri Avropanı öz müdafiəsi üçün daha çox iş görməyə təşviq ediblər", – Frid deyir. O, sözügedən yanaşmanın fəal tərəfdarlarından biri kimi sabiq müdafiə naziri Robert Qeytsi yada salıb.
Onun sözlərinə görə, məqsəd Avropanın imkanlarının artması əsasında daha güclü transatlantik münasibətlər qurmaq, Avropanın səsinin daha gur çıxmasına nail olmaqdır.
visiontv.az