İran rəqəmsal repressiyalar üçün Uyğurlara qarşı tətbiq edilən Çin texnologiyasından istifadə edir
12.02.2026

Yeni bir hesabat göstərir ki, İranın geniş internet nəzarəti Çindən idxal edilən nəzarət və senzura texnologiyalarına əsaslanır.

"Guardian" qəzetinin məlumatına görə, Britaniyanın insan haqları təşkilatı hesabatında İranda internet nəzarəti və senzurasının strukturunun Çin texnologiyalarına əsaslandığını açıqlayıb.

Bu texnologiya əvvəllər Çinin qərbindəki Uyğur türklərini izləmək üçün istifadə olunub.

Hesabata görə, Huawei, ZTE, Hikvision və Tiandi kimi şirkətlər tərəfindən istehsal edilən üz tanıma sistemi, internet trafikinin monitorinq sistemləri və qabaqcıl senzura alətləri İranın təhlükəsizlik və hərbi qurumlarının, o cümlədən İnqilab Keşikçilərinin sərəncamına verilib. Bu texnologiya İran hökumətinə ölkə miqyasında etirazlar zamanı milyonlarla vətəndaşın qlobal internetə çıxışını demək olar ki, tamamilə dayandırmağa və geniş yayılmış insan haqları pozuntularını ictimaiyyətin gözündən gizlətməyə imkan verib.

Hesabatda vurğulanır ki, Tehran və Pekin əməkdaşlığı hökumətlərə daxili internet üzərində mütləq nəzarət verən "kiber suverenlik" anlayışına əsaslanır. İnsan haqları müşahidəçiləri xəbərdarlıq edirlər ki, bu əməkdaşlıq İranda ifadə azadlığını daha da məhdudlaşdırmaqla yanaşı, həm də regional və qlobal miqyasda təhlükəli rəqəmsal avtoritarizm nümunəsi yaradır.

visiontv.az