Tramp diplomatiya və hərbi zərbələr arasında seçim qarşısında
15.01.2026

Vaşinqton və Tehran arasında informasiya savaşı yeni mərhələyə keçib. Ağ Ev açıq şəkildə bəyan edir ki, İran rejiminin ictimai bəyanatları ilə onun gizli kanallar vasitəsilə ötürdüyü siqnallar tamamilə fərqlidir. Ağ Evin mətbuat katibi Lin Levit Fox News-a açıqlamasında bildirib ki, ABŞ prezidenti Donald Tramp bu ziddiyyətli məlumatları şəxsən araşdırmaq niyyətindədir.

Onun sözlərinə görə, hava zərbələri Trampın masasında olan “çoxsaylı variantlardan” biridir, lakin prezidentin əsas məqsədi diplomatik yolla nəticə əldə etməkdir. “Diplomatiya onun üçün həmişə birinci seçimdir” – deyə Levit vurğulayıb.

- Bu arada The Wall Street Journal yazır ki, Ağ Ev Tehran tərəfindən irəli sürülən nüvə danışıqlarını bərpa etmək təklifini nəzərdən keçirir. Lakin administrasiyanın daxilində fikir ayrılığı dərinləşir – bəzi müşavirlər və Dövlət katibi köməkçisi Vens Trampı hərbi addımlardan əvvəl diplomatiyaya şans verməyə çağırır.

- İran daxilində isə vəziyyət sürətlə nəzarətdən çıxır. Tehran hakimiyyəti etirazları boğmaq üçün sərt repressiyalara əl atıb. Paytaxtın bütün müşahidə kameralarından alınan görüntülər etirazçılar arasında “liderləri” müəyyənləşdirmək məqsədilə toplanır. Paralel olaraq, şəhər küçələrində Starlink peyk internetinin qarşısını almaq üçün kütləvi şəkildə antennalar sökülür.

- Rejim artıq beş gündür interneti tam şəkildə kəsib. Təxminən 96 saatdır ölkə tam informasiya blokadasında saxlanılır – nə mobil, nə də sabit rabitə işləyir, telefon zəngləri belə məhduddur.

- İranın xarici işlər naziri Abbas Əraqçi bu total kəsintini “xaricdən yönəldilən terror əməliyyatları” ilə əlaqələndirib, “Al Jazeera” kanalına açıqlamasında bildirib: “İnternetin kəsilməsi məhz xaricdən verilən əmrlərlə həyata keçirilən terror hücumları zamanı baş verdi”.

- Bu bəyanat, əslində, rejimin öz vətəndaşlarına qarşı həyata keçirdiyi kütləvi təzyiqləri əsaslandırmaq üçün daha bir cəhd kimi qiymətləndirilir.

-  İranın sərt hərəkətləri beynəlxalq səviyyədə də qəzəb doğurub.

Finlandiya prezidenti Aleksandr Stubb açıq şəkildə bəyan edib:

“İranda etirazçılara qarşı hücumlar dərhal dayandırılmalıdır. Biz haqsız yerə həbs edilən bütün etirazçıların azad edilməsini tələb edirik.”

-  Fransa prezidenti Emmanuel Makron da Tehran rejiminin zorakılığına sərt reaksiya verib:

“Biz İranda əsas azadlıqların müdafiəçilərinin yanındayıq və qadınlara və kişilərə qarşı hökumətin genişmiqyaslı zorakılığını qəti şəkildə pisləyirik.”

- Beləliklə, İran rejimi bir tərəfdən küçələrdə öz xalqına qarşı müharibə aparır, digər tərəfdən beynəlxalq təzyiqlərin artması ilə üzləşir.

- Vaşinqton isə diplomatiya ilə güc nümayişi arasında incə balans axtarışındadır. Trampın son bəyanatları göstərir ki, əgər Tehran etirazları qan içində boğmağa davam etsə, ABŞ-ın cavabı çox sərt ola bilər.

- İran küçələrində isə ümidlə qorxu bir arada yaşayır – xalq “Seyid Əli devriləcək” deyə səslənərkən, hakimiyyət kameralar, tanklar və qadağalarla öz hakimiyyətini qorumağa çalışır.

- Bu qarşıdurmanın sonu görünmür – diplomatiya qapısı açıq qalsa da, hər addımda barıt qoxusu hiss olunur.

Elçin Alıoğlu

visiontv.az