Paşinyan Ermənistanın Aİ və Aİİ arasında seçimindən danışıb: xalqın iradəsinə buraxacağıq
14.01.2026

Hökuməti Ermənistanı Avropa İttifaqının (Aİ) tamhüquqlu üzvü etmək niyyətindədir və bu istiqamətdə ölkəni Aİ standartlarına uyğun dövlətə çevirmək üzərində çalışır.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən təhlükəsizlik forumunda çıxışı zamanı deyib.

“Strategiyamız belədir: Ermənistanı Aİ standartlarına uyğun ölkəyə çevirmək yolunda çox möhkəm və aydın addımlar atmalıyıq”, - o bildirib.

Paşinyan, həmçinin, Aİ və Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyün eyni anda mümkün olmadığını qeyd edib, lakin hazırda hər iki yol üçün hələ də imkanın olduğunu vurğulayıb: “Biz bu anda həm Aİİ üzvüyük, həm də Aİ-yə üzvlük yolunda irəliləyirik. Mövcud durum mümkün olduğu müddətə qədər Aİİ-də qalacağıq. Bu mümkün olmadıqda isə Ermənistan xalqının sərbəst iradəsinə əsaslanaraq qərar qəbul edəcəyik”.