Səudiyyə Ərəbistanı cümə axşamı Bab əl-Məndəb strateji boğazı ətrafında gəmiçiliyin təhlükəsizliyini təmin etmək məqsədilə “Dəniz Müdafiə Koalisiyası” yaradıldığını açıqlayıb.
Bu addım İranın dəstəklədiyi Yəməndəki husilərin ötən həftə dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası tətbiq etdiklərini bəyan etməsindən sonra atılıb.
Husilər həmçinin Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus neft tankerlərinə və ölkənin neft infrastrukturuna hücumlar həyata keçirdiklərini iddia ediblər.
ABŞ ilə İran arasında Hörmüz boğazında yaşanan qarşıdurma nəticəsində Fars körfəzindən enerji ixracının böyük ölçüdə pozulmasından sonra Bab əl-Məndəb boğazı Səudiyyə neftinin beynəlxalq bazarlara daşınması üçün həyati əhəmiyyət daşıyan marşruta çevrilib.
Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi 14 üzv ölkə adından yayımladığı birgə bəyanatda koalisiyaya Bəhreyn, Banqladeş, Cibuti, Misir, İordaniya, Küveyt, Nigeriya, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı, Somali, Sudan, Türkiyə və Yəmənin daxil olduğunu bildirib.
Nazirliyin açıqlamasına görə, koalisiyanın əsas məqsədi dəniz təhlükəsizliyini gücləndirmək, gəmiçilik azadlığını qorumaq, beynəlxalq ticarət marşrutları və enerji nəqli xətlərinin təhlükəsizliyini təmin etmək, həmçinin Bab əl-Məndəb boğazı, Qırmızı dəniz və Ədən körfəzində ortaq dəniz maraqlarını müdafiə etməkdir.
Müdafiə Nazirliyi həmçinin bildirib ki, koalisiya ilə bağlı keçirilən Riyad toplantısına 51 ölkə və beynəlxalq təşkilat dəvət olunub.
Nazirliyin məlumatına görə, toplantıda 43 ölkənin nümayəndələri və Avropa İttifaqının bir nümayəndə heyəti iştirak edib. Onlardan 14-ü koalisiyanı dəstəklədiyini bəyan edib, digər ölkələr isə məsələyə baxmağa davam edir.
Səudiyyə Ərəbistanı ilə husilər bu ayın əvvəlində son bir neçə ildə ilk dəfə qarşılıqlı atəş mübadiləsi aparıblar. Bu hadisə, müddəti rəsmi olaraq başa çatsa da, 2022-ci ildən qüvvədə qalan atəşkəsin gələcəyini təhlükə altına salıb.
visiontv.az