SEPAH-la əlaqəli şəxslər Dünya Kubokuna buraxılmayacaq
04.06.2026

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton İranın Dünya Kubokundakı nümayəndə heyətinə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəsi olan şəxslərin daxil edilməsinə icazə verməyəcək. İyunun 11-də başlayacaq futbol üzrə Dünya Kubokuna Kanada, Meksika və ABŞ birgə ev sahibliyi edir.

İran milli komandası oyunlarını ABŞ-də keçirəcək, komandanın bazası isə Meksikada yerləşəcək.

Rubio Vaşinqtonla Tehran arasında gərginliyin artmasına baxmayaraq, ABŞ-nin İran milli komandasının və onu müşayiət edən texniki heyətin ölkəyə girişinə etiraz etmədiyini bildirib.

"İran komandasının ölkəyə gəlməsi ilə bağlı heç bir problemimiz yoxdur. Amma onların nümayəndə heyətinə idmanla əlaqəsi olmayan, SEPAH və ya buna bənzər qurumlarla əlaqəli olduğunu bildiyimiz şəxslərin daxil edilməsinə icazə verməyəcəyik. Buna görə də bu məsələyə çox ciddi nəzarət edəcəyik", –Rubio iyunun 2-də ABŞ Nümayəndələr Palatasının komitə iclasındakı çıxışında bildirib.

İran millisi Meksikada məşq edir, ABŞ vizalarını isə hələ də almayıb

İranın futbol üzrə milli komandası hazırda Meksikada məşq keçir. Amma komanda ABŞ-yə səfər etmək üçün hələ də viza ala bilməyib. Bunu mayın 28-də İranın Meksikadakı səfiri Əbülfəzl Pəsəndidə bildirib.

Komanda Dünya Kuboku öncəsi hazırlıqlarını ABŞ-nin Tuson şəhərində (Arizona ştatı) keçirməli idi. Amma viza problemi səbəbindən məşqləri Meksikanın ABŞ sərhədinə yaxın Tixuana şəhərinə köçürüblər.

Səfir Tixuanadakı məşq bazasına ziyarəti zamanı bildirib ki, "şimaldakı ölkə" - ABŞ İran komandasını qəbul etməklə bağlı öhdəliyini yerinə yetirməyib. "Oyunçulara viza verib-verməyəcəklərini bilmirik", – deyə səfir qeyd edib.

İran iyunun 15-də Yeni Zelandiya, iyunun 21-də isə Belçikaya qarşı qrup oyunlarını Los-Ancelesdə keçirməlidir.

İyunun 26-da Misirlə nəzərdə tutulan qarşılaşma isə Sietldə baş tutmalıdır.

İran Futbol Federasiyasının rəhbəri bildirib ki, oyunçuların həm ABŞ-dəki matçlara gedib-gəlməsi, həm də Meksikadakı təlim düşərgəsinə qayıda bilməsi üçün onlara çoxdəfəlik vizaların veriləcəyinə ümid edirlər.

"Dünya Kubokunda bərabər şərtlərlə iştirak etmirik", – deyən Pəsəndidə əlavə edib ki, Yaxın Şərqdəki müharibə səbəbindən komanda lazımi şəkildə hazırlıq keçə bilməyib.

İranın dünya çempionatında iştirakı ABŞ ilə müharibə səbəbindən aylardır qeyri-müəyyən idi. İran tərəfi oyunların ABŞ əvəzinə, turnirin digər ev sahiblərindən olan Meksikada keçirilməsini istəsə də, bu müraciət rədd edilib.

ABŞ rəsmiləri isə İran futbolçularının ABŞ-yə səfər edəcəyini gözlədiklərini bildiriblər.

Hazırda tərəflər arasında kövrək atəşkəs qüvvədədir.

DÇ-2026-nın seçmə mərhələsi: İran futbolçuları Özbəkistanla oyunda qol sevincini bölüşürlər.

DÇ-2026-nın seçmə mərhələsi: İran futbolçuları Özbəkistanla oyunda qol sevincini bölüşürlər.
İran: FIFA futbolçulara viza alacaqlarına söz verib

Yaxın Şərqdə müharibənin davam etməsinə baxmayaraq, FIFA İran milli komandasının üzvlərinə 2026-cı il Dünya Çempionatında ABŞ-də oynamaq üçün viza alacaqlarına söz verib. Bunu İranın dövlət mediası ölkənin idman nazirinə istinadən yazıb.

Yarırəsmi ISNA agentliyi idman naziri Əhməd Dünyamalıdan sitat gətirir: "FIFA prezidenti bizə söz verdi ki, bütün oyunçularımız viza alacaq. Oyunçularımıza viza verilməməsi üçün heç bir səbəb yoxdur".

"Ümid edirəm ki, milli komandanın turnirdə sakit və nizamlı şəkildə iştirakı üçün bütün şərtlər təmin olunacaq", - o əlavə edib.

ABŞ və İran arasındakı münaqişə fonunda İran millisinin Dünya Kubokunda iştirakı ilə bağlı aylardır qeyri-müəyyənlik davam edir.

Mayın 23-də İran Futbol Federasiyası milli komandanın çempionat zamanı Meksikanın ABŞ sərhədində yerləşən Tixuana şəhərində yerləşəcəyini açıqlayıb. Dünya Kubokuna ABŞ, Kanada və Meksika birgə ev sahibliyi edəcək.

Meksika prezidenti Klaudiya Şeynbaum mayın 25-də bildirib ki, ölkəsi İran milli komandasının ABŞ viza məhdudiyyətlərindən yayınması üçün onların orada yerləşməsinə icazə verəcək.

İran DÇ-2026-nı boykot edə bilər: Mehdi Tacdan ABŞ və FIFA-ya ultimatum

ABŞ İranın hərbi və dövlət institutlarına, xüsusilə də İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) hörmətlə yanaşılacağına dair rəsmi təminat verməsə, milli komanda 2026-cı il dünya çempionatında iştirak etməyəcək. Bunu İran Futbol Federasiyasının rəhbəri Mehdi Tac bildirib.

O, mayın 5-i axşam verdiyi açıqlamada İran yığmasının turnirə ciddi hazırlaşdığını vurğulayıb. Federasiya rəhbərinin sözlərinə görə, yerli çempionat başa çatdıqdan sonra futbolçuların təlim-məşq toplanışı və yoldaşlıq oyunları keçirmək üçün Türkiyəyə yollanacağı gözlənilir.

M.Tac bildirib ki, federasiya FIFA prezidenti Canni İnfantino və digər rəsmilərlə keçiriləcək görüşlərdə "ciddi təminatlar" tələb edəcək.

M.Tac özünün və daha iki rəsmi şəxsin FIFA konqresinə gedərkən Toronto hava limanından geri qaytarılması insidentinə də toxunub. Onun sözlərinə görə, əgər ABŞ-də bənzər hadisə təkrarlanarsa, milli komanda turnirdə iştirakdan imtina edərək geri qayıda bilər.

"Milli institutlarımıza, xüsusilə SEPAH-a hörmətsizlik edilməsinə yol verilməməlidir. Onların hərbi qurumlarımızı və rəsmi şəxslərimizi təhqir etməyə ixtiyarı yoxdur", – o vurğulayıb.

İran Futbol Federasiyasının yaydığı məlumata görə, nümayəndə heyəti "Toronto hava limanındakı immiqrasiya məmurlarının davranışı və ölkənin silahlı qüvvələrinin strateji qurumlarından birinə qarşı təhqiramiz münasibət" səbəbindən Kanadaya səfərini yarıda qoyaraq geri dönüb.

Kanada hökuməti isə konkret ad çəkmədən bəyan edib ki, SEPAH ilə hər hansı əlaqəsi olan şəxslərin ölkəyə girişinə icazə verilmir. Ottava 2024-cü ilin iyununda SEPAH-ı rəsmən terror təşkilatları siyahısına daxil edib. ABŞ da Donald Trampın ilk prezidentliyi dövründə (2019-cu ildə) analoji addım ataraq bu qurumu terror təşkilatı kimi tanımışdı.

visiontv.az