SEPAH Zəncanda “Polo restoranı”nı sahibinin həbsindən sonra hərraca çıxarıb
04.06.2026

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Zəncan şəhərinin tanınmış restoranlarından biri olan “Polo restoranı”nı onun sahibi Bəhram Fəthullahinin həbsindən sonra müsadirə edərək hərraca çıxarıb.

Mülkə dair yayılan elanlarda bu kommersiya obyektinin aylıq kirayə haqqının 500 milyon tümən olduğu bildirilib.

SEPAH-a yaxın Təsnim agentliyi bundan əvvəl Bəhram Fəthullahinin “ölkənin daxili təhlükəsizliyinə qarşı cinayət törətmək məqsədilə toplaşma və əlbir olma” ittihamı ilə həbs edildiyini və işinin ittiham aktının hazırlanması mərhələsində olduğunu bildirmişdi.

Təsnim həmçinin onu Zəncanın tanınmış restoran sahiblərindən biri kimi təqdim edib və həbsin son etirazlar zamanı baş verdiyini iddia edib.

Bundan əvvəl Zəncan vilayətinin İcra və Vergi Xidməti də “Polo restoranı”nın “qiymət artımı” səbəbilə bağlandığını açıqlamış, obyektin şikayətlər və yoxlamalar əsasında qanuni tədbirə məruz qaldığını bildirmişdi.

Restoranın hərraca çıxarılması xəbəri Zəncan vilayətində hüquqi və təhlükəsizlik tədbirlərinin sərtləşdirildiyini göstərir. Son günlər məhkəmə orqanları “düşmənlə əməkdaşlıq şəbəkələri ilə əlaqə” ittihamı ilə onlarla vətəndaşın əmlakının müsadirə edildiyini açıqlayıb. Bu isə müharibədən sonrakı dövrdə əmlak müsadirələrinin genişlənməsi ilə bağlı narahatlıqları artırıb.

Hazırda restoran sahibinin işinin hüquqi vəziyyəti, əmlakın statusu və hərracın onun cinayət işi ilə birbaşa əlaqəsi barədə əlavə məlumat açıqlanmayıb.

visiontv.az