Onlar bizi, biz də onları güdürük
14.09.2026

ABŞ prezidenti Donald Tramp Tehranın iyulda üç ABŞ hərbçisinin ölümü ilə nəticələnən hücumdan əvvəl İordaniyadakı hərbi bazanın peyk görüntülərini Çindən alması barədə xəbəri rədd edib.

Xəbəri "The Wall Street Journal" qəzeti adları açıqlanmayan ABŞ rəsmilərinə istinadla yayıb.

Xəbərdə deyilir ki, ABŞ rəsmiləri Tehrana peyk görüntülərini ötürən Çin qurumlarının adlarını açıqlamaqdan imtina ediblər. Bununla belə, rəsmi şəxslər bu prosesdə Çin hökumətinin birbaşa iştirakının olduğunu iddia etməyiblər.

Sentyabrın 13-də jurnalistlər Trampdan soruşublar ki, Çin prezidenti Si Cinpinlə qarşıdakı görüşündə bu məsələni qaldıracaqmı. O, suala birbaşa cavab verməyib. Ancaq Tramp ABŞ-nin də Çin kimi kəşfiyyat fəaliyyəti apardığını bildirib.

"Onlar, əsasən, bizim etdiyimizi edirlər. Çinin bizi izləməsi barədə onu deyə bilərəm ki, haqlısınız, biz də onları güdürük", –Tramp prezident təyyarəsində jurnalistlərə bildirib.

Tramp və Cinpinin sentyabrın 24-də ABŞ-də görüşəcəyi gözlənilir. Pekin görüşün tarixini və yerini hələ təsdiqləməyib.

visiontv.az