4 cildlik “ HİKMƏT XƏZİNƏSİ”, 3- cü cild. ON SƏKKİZİNCİ HİSSƏ
Şirlərin gər düşərsə bir-birilə davası,
Çaqqalların arada olacaqdır faydası.
***
Yolların uzunu yox, enilə gedilsəydi,
Naşükürlər yenə də şikayət eyləyərdi.
***
Bir gün istəsən əgər yağ atasan ocağa,
Onda gərək özün də çəkiləsən qırağa.
***
Örtsə qapı üzünə, əgər qapını açan,
Ona da qapı bağlar, ona da qapı açan.
***
Sevdalılar həyatı yaşasaydılar təkrar,
Qara sevda yaşayan yenə sevdiyin arar.
***
İnsanı razı salmaq olmasaydı gər müşkül,
O, Cənnəti tərk edib olmazdı ocaqda kül.
***
At buğdanı zəmiyə, qoy göyərsin gələn il,
Qış dərmandır, qar yorğan torpaq altda dənə, bil.
***
O kəsin qar altında varsa buğda zəmisi,
Özünün yorğan altda buxar verər dərisi.
***
Əyin istər geydiyin, qarın istər yediyin,
Kimi çeynər dediyin, kim udar eşitdiyin.
***
Daş atana daş atma, onu elə başından,
Yoxsa səni edəcək huyundan, həm yolundan.
***
Gözəl gülün ətiri xoş gəlməsə bir kəsə,
Demək ki, duymaq üçün gəlməmişdir həvəsə.
***
Qəlb istəməsə yemək, ona zülüm çeynəmək,
Həvəslə yeyən kəslər həvəslə çeynəyəcək.
***
Ruhunla gər eynisə bütün gördüyün işlər,
O işlər bütünlükdə fayda da verəcəklər.
***
Ağzın şirindirsə gər, bal süzülür dodaqdan,
Ağzı acı olanlar alovlanır cınqıdan.
***
Bir az dözüm tapmasan hövsələni yeməyə,
Sonradan başlayarsan, peşmanlığın çəkməyə.
***
Öz qabında olmazsa əgər mərifət, səhman,
Özgədən öyrənsən də, çalış unutmayasan.
***
Divarının bir azın tiksən bir bənna ilə,
İşindən məlum olar divar hördün kim ilə.
***
Əl uzada bilsəydi insan öz taleyinə,
Bəlkə də, başlayardı göylə müharibəyə.
Evlərin damındaca şahid olub dərd-qəmə,
Quru qamış başladı, neytək inildəməyə.
***
Baxarkən məzardakı yatanlara daş-torpaq,
Torpaq üzü qaraldı, daş da çöndü oldu daş.
***
Olsan da çox-çox uca öz-özünün gözündə,
Onun yarısı qədər uca ol el gözündə.
***
Başla ağılın olmur, öz adından aralı,
Birinin etdiyindən hər ikisi sayalı.
***
Çıxar onu bazara, yoxdur "həsrət" dəyəri,
Nə alan var, nə satan, çün yoxudur bəhəri.
***
Saatlar dillənsəydi əgər sənin yerinə,
Keçirdiyin boş vaxtı, heç yazmazdı ömrünə.
***
Tər qönçətək aləmi gər bürüyərsə ətrin,
O kəsə xoş gələcək, kim istəyirsə xətrin.
***
Göz gördü, könül sevdi, ağıl adı çəkən yox,
Ağılı kim unutsa, bəla çəkər başı çox...
***
Qudurğanlıq havası burunu qaldırınca,
Tuluq özü partlayar havası çox olunca.
***
Bir azca boş yapışsan sevdiyinin əlindən,
Kimsə gəlib alacaq sevdiyini, bil, səndən.
***
Ömür də bir badədir, çəksən əgər başına,
Qalan damcıları da dönəcək göz yaşına.
***
İki qəlb arasında körpüyə bənzər dostluq,
Körpü möhkəm olmasa, arada olur boşluq.
***
Hər bir münasibətdə arada pərdə olur,
O pərdəni qaldırsan, ora nifaq soxulur.
***
Baş ucunda dayansa əgər sənə yaxının,
Başını uzaq saxla, özün olsan da yaxın.
***
Yaş arpa kif atsa gər, əkən peşmanlıq çəkər,
Əməlin düşünməyən sonra göz yaşı tökər.
***
Yorğun-yorğun iş görsən, iş də səndən yorular,
İşi həvəslə görsən, o da səni ucaldar.
***
Baş olmasa dumanlı, hər şey apaydın olar,
Dumanlı başların da başı bəlalı olar.
***
Budur dünya bazarı, qıfıl var, yox açarı,
Yüzün verir birinə, yada salmır naçarı.
***
Gözləsən ədəb-ərkan, tərk etməzsən sükanı,
Unutsan ədəb-ərkan, dar edərsən məkanı.
***
Kim ki bir gün duyar eşqin o gözəl ətrin,
Qəlb yağışına açacaq kirpik də öz çətrin.
***
Etmə giley-güzarı, bir gün gələr güzarı,
Bəxtinə Günəş doğan, unudar ağrıları.
***
Kimi vurdu korluğa, kimi vurdu karlığa,
Ona görə nadanlar başladı ağalığa.
***
Cibindəki pulunsa hamını sənə çəkən,
Savabını qazan sən, bu fürsətin var ikən.
***
İt də möhkəm hürüyər, səni tənha görübsə,
Uşaq boynu bükükdür, ata-ana ölübsə.
***
Yan alıbdı sahilə, qayıtmaz o fəxrilə,
Dərya kənarındakı bələd olub sahilə.
***
Evində hörmət-izzət görsəydi əgər qoca,
Qalmaz nəzərdən kənar, dam güncündə bir qoca
***
Bu həyat çeşməsindən kim içərsə beş damcı,
Hər damcının yerinə fələk vurar yüz qamçı.
***
Görsən, kimisə gözü yorğun, fikiri dalğın,
Bil ki, fələk pozubdur həyatında növrağın.
***
Yağmaladı yalanlar, tozanaqdır qalanlar,
Bəzən yüz sifətə düşür zirvəyə qalxanlar.
***
Ömür-gün vəfasızdır, getdisə, geri dönmür,
Səni ağuşuna alıb birgə burdan köçür.
***
Ağıla görə bölünsə var-dövlət əzəldən,
Var- dövləti gedərdi çoxlarının əlindən.
***
Qoy elmin qorxutmasın daş-çınqıllı yolları,
Elmsiz ağıllıların boy atmır ağılları.
***
Xoşdur insan oğluna az işləyə, çox yeyə,
Görmədim çox yeyənlər nə vaxtsa doydum deyə.
***
Kim düşündü var-dövlət, həm də gətirər hörmət,
Düşünmədi, tək təmiz adla qazanır hörmət.
***
Kifayət eyləmədi nadanlara var-dövlət,
Çün var-dövlətə görə yaltaqlar etdi hörmət.
***
Kimlər ki kasıb yatar, səhər varlı oyanar,
O ya fərqinə varar, ya da ki yolun azar.
***
Bu dünya qazanından kimin ki payı çoxdur,
Kimə də yeməkdən çox, şanı-şöhrəti xoşdur.
***
Soruşma peşəsini bir kəndli əkinçidən,
Əməyinin izləri bəllidir əllərindən.
Xalidə Hicran
visiontv.az