Rumıniya hakimiyyəti isə sentyabrın 13-də bir dronun ölkə ərazisinə daxil olduğunu bildirib. Litva mümkün dron görünməsi barədə xəbərdarlıq elan edib, paytaxt və ətraf regionların sakinlərini sığınacaqlara getməyə çağırıb.
Vilnüsdəki əsas hava limanı bağlanıb, NATO qırıcıları havaya qaldırılıb. Xəbərdarlıq bir saat ərzində ləğv edilib.
"Rusiyanın Ukrayna-Polşa sərhədində, Yaqodina barbar zərbələr təkcə dövlət sərhədlərimizə hücumların davamı deyil. Bu, Putinin birbaşa Avropa İttifaqı və NATO-nun qapısını döyən terrorudur", – Ukraynanın xarici işlər naziri Andriy Sıbiqa sentyabrın 13-də X sosial şəbəkəsində yazıb.
O, Avropa liderlərini Rusiyaya qarşı sanksiyaları "bütün ağırlığı ilə" işə salmağa çağırıb.
Bu ayın əvvəlində Almaniya Leypsiq hava limanında partlayıcı maddələrlə yüklənmiş dronlar aşkarlayıb, bu hadisə uçuşların dayanmasına səbəb olub. Berlin insidentə görə Moskvanın məsuliyyət daşığını bildirib. Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen onda demişdi ki, "avropalılar acı bir həqiqətlə üzləşiblər: bu, yeni reallıqdır".
"Məhz bu zərbələrin Avropaya daha çox yayılmasının qarşısını almaq üçün ukraynalı kişilər və qadınlar hər gün döyüşür, həyatlarını qurban verirlər", – Ukrayna prezidenti Volodimir Zelenski sentyabrın 13-də Telegram-da yazıb.
"Rusiya terroru çoxları üçün ortaq təhlükədir, lakin onu məhz burada – Ukraynada məğlub etmək olar və lazımdır", – o əlavə edib.
Zelenskinin sözlərinə görə, ötən həftə ərzində Ukraynadakı hədəflərə ümumilikdə 2 min 100 dron, 1 min 700 idarəolunan aviasiya bombası və 73 raket buraxılıb.
Ötən gün Ukraynanın bir sıra qərb regionlarına da hücumlar olub.
Rusiya Müdafiə Nazirliyi “hərbi yüklərin çatdırıldığı və bölüşdürüldüyü logistika mərkəzlərini, onların fəaliyyətini təmin edən enerji obyektlərini” hədəfə aldığını iddia edib. Nazirlik Ukraynanın qərbindəki dəmir yolu infrastrukturuna da zərbələr endirildiyini bildirib.
Rusiya genişmiqyaslı işğal zamanı mülki əraziləri hədəfə aldığını inkar edir, ancaq zərbələrin minlərlə insanın ölümünə səbəb olduğuna dair çoxsaylı sübutlar var.
visiontv.az