Sentyabrın 13-nə keçən gecə Rusiyanın Polşa-Ukrayna sərhədi yaxınlığına dronlarla hücumlarından sonra Moskvanın fəaliyyətində eskalasiya artıq fakta çevrilir. Bunu Polşanın baş naziri Donald Tusk deyib. O, hökumətin təhlükəsizlik mərkəzində təcili müşavirə çağırıb.
"Rusiya Federasiyası tərəfindən eskalasiya artıq fakta çevrilir. Rusiya indi daha təhlükəli texnika tətbiq etməyə hazırdır. Burada reaktiv mühərrikli dronlardan danışıram. Onların uçuş məsafəsi və dəqiqliyi narahatlıq doğurur", – Tusk bildirib. Onun sözlərinə görə, Ukrayna ərazisində 13 obyekt vurulub.
Polşanın baş naziri xəbərdarlıq edib ki, qarşıdakı həftələr və aylar Moskvanın "çox intensiv fəaliyyət" dövrünə çevrilə bilər. Onun sözlərinə görə, eskalasiyanın Polşa ərazisinə də təsir göstərəcəyi istisna oluna bilməz. Bu halda Varşava və onun NATO üzrə müttəfiqləri birgə cavab verməyə hazır olmalıdırlar.
Tusk onu da deyib ki, qarşıdakı aylarda sərhəd-keçid məntəqələrində xüsusi rejim tələb ediləcək.
Rusiyanın 13 sentyabr hücumu nəticəsində Kiyevdən Polşaya gedən qatar dayandırılıb, sərnişinlərin bir hissəsi təxliyə olunub.
"Der Spiegel" jurnalının yazdığına görə, qatarda Almaniya kansleri Fridrix Mertsin müşaviri Günter Zautter, Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson, digər Avropa ölkələrinin təhlükəsizlik məsələləri üzrə müşavirləri olublar. Onların arasında xəsarət alan olmayıb.
visiontv.az