2020-ci il 10 noyabrda atəşkəs imzalananda dünya münaqişə bitdi, Azərbaycan isə bərpa başlayır dedi. 5 il sonra bu bərpanın ən strateji sənədlərindən biri imzalandı.
Azərbaycan Respublikasi hökuməti ilə BMT-nin məskunlaşma proqramı arasında Şərqi Zəngəzur iqtisadi rayonunda ağıllı, davamlı və inklüziv yaşayış məntəqələrinə doğru - Dayanıqlı şəhər inkişafı üçün inteqrə olunmuş ərazi planlaşdırması” layihəsinin icrası. Bu adda 3 böyük siyasi mesaj var. Bir. Bu sənəd sadəcə maliyyə və texniki yardım sazişi deyil. Bu, Qarabağın bərpasının “konseptual pasportudur”. İki. Beynəlxalq legitimlik. Məskunlaşma Proqramı BMT-nin şəhərsalma üzrə aparıcı qurumudur. Onun Şərqi Zəngəzuru “pilot layihə” elan etməsi o deməkdir ki, dünya bu ərazidə baş verənləri artıq vaxtrilə Ermənistanın etdiyi kimi “işğal edilmiş ərazilərin məskunlaşdırılması” yox, “müharibədən sonra davamlı inkişaf” kimi tanıyır. Üç. Standartlar. Ağıllı, davamlı, inklüziv üçlüyü təsadüfi deyil. Bu, BMT-nin Dayanıqlı İnkişaf Məqsədi-11-in birbaşa tətbiqidir. Yəni bu ərazilərdə tikilən evlər sadəcə ev deyil. Bu yaşıl enerji, ağıllı idarəetmə və əlillər üçün əlçatanlıq standartına cavab verən yaşayış məntəqələridir. Qeyd edək ki, müharibədən sonra ənənəvi bərpa, adətən “ev tik, yol çək” prinsipi ilə gedirdi. Bu saziş isə deyir ki, əvvəl master-plan, sonra infrastruktur, sonra iqtisadiyyat, sonra sosial xidmətlər. Yəni şəhəri sıfırdan ekosistem kimi qurmaq. Qısa desək Azərbaycan Qarabağı bərpa etmir, Azərbaycan Qarabağı gələcəyin şəhəri kimi ixrac edir. 2020-ci il qələbədən sonra məcburi köçkünlərin qayıdışının legitimləşməsində də bu saziş mümühm rol oynayır. Burada ən kritik məqam siyasi-hüquqi müstəvidədir. 30 il ərzində beynəlxalq diskursda 1 milyon azərbaycanlı məcburi köçkün humanitar problem kimi təqdim olunurdu. Amma geri qayıdış hüququ məsələsi Ermənistan və onun himayədarları tərəfindən daim bloklanırdı. 2020-ci ildən sonra rəsmi rəsmi Bakı 3 addımla bu arqumenti dağıtdı. Bir. 2020-25-ci illərdə 50 mindən çox keçmiş məcburi köçkün artıq Laçın, Füzuli, Zəngilan, Ağalı kəndinə qayıtdı. Bu, qayıdış mümkün deyil tezisini məhv etdi. İki. Mina təmizləmə, sərhəd infrastrukturu, ağıllı kənd konsepsiyası. Azərbaycan dövləti deyir ki, biz insanları mina sahəsinə yox, ağıllı kəndə qaytarırıq. Üç. Beynəlxalq tərəfdaşlıq. BMT-nin Məskunlaşma Proqramı ilə imzalanan Töhfə Sazişi bu prosesin zirvəsidir. Çünki BMT-nin bu qurumu prosesə qoşulanda 2 şey baş verir. Bir. Tanınma. Dünya birliyi deyir ki, bəli, bu Azərbaycan torpağıdır və burada yaşayanlar qayıda bilər. İki. Nümunə. Qaçqınların qayıdışı artıq Azərbaycan daxili məsələsi yox, BMT-nin tövsiyə etdiyi post-münaqişə bərpa modeli olur. Bu əslində Suriya, Ukrayna və digər ölkələr üçün istinad nöqtəsinə çevrilir. Yəni 2020-ci il qələbəsi ərazini qaytardı, 2025-ci il sazişi isə o qayıdışı beynəlxalq hüquqa yazdı. Bununla qayıdış təkcə humanitar akt olmadı. Bu, beynəlxalq hüququn, dayanıqlı inkişafın və yeni şəhərsalma fəlsəfəsinin birləşdiyi nöqtəyə çevrildi. Şərqi Zəngəzur bu gün tək tikilən məkan deyil. Bu, həm də müharibədən sonra necə yaşamaq olar sualına Azərbaycan dövlətinin verdiyi cavabdır. Və bu cavab artıq BMT-nin arxivindədir.
Şöhrət El-Dəniz
visiontv.az