ON ALTINCI HİSSƏ
Olsa bir insanın əgər qardaş-bacısı
Mehriban olmasa, qaranlıqda qalası.
***
Cahillik suyu düşərsə əgər üstünə,
O təsir edəcək kimlik və mənliyinə
***
Ağlını yetişdir, sən özün böyüdükcə,
Əməlinlə sevindir, hamı xeyir görüncə.
***
Şimşəklər səs salır buludlar toqquşanda,
İki qoçun başı da qaynamaz bir qazanda
***
Ocağın başı isti, qazanda aşın var.
Yeyəndə yada sal, onu da tapmayan var.
***
Tənha gəzən insanın olmasa həmdəmi,
Fikri göylərdədir, orda gəzdirir gəmi.
***
Ey qoca, baxsan gecənin ənginliyinə,
Orada da rast gələrsən öz gəncliyinə.
***
Taleyə inansan, həyatla barışarsan,
İnanmasan ya qəm, ya dəmi daşıyarsan.
***
Qayğısız ömür bənzər yüksüz bir gəmiyə,
Bir mehlə o gəmi də başlar titrəməyə.
***
İnsan dil tapsa da dünya ilə bir ömür,
Dünyasa, insanı gah ağladır, güldürür.
***
Varmı bir kəs əməlində olmaya nöqsan?
Nainsaf oxuna gəldi bir peşman insan,
***
Qeyrət ilə yoğrulsa insanın xəmiri,
Onun iradəsi kəsəcəkdir dəmiri.
***
Tamahdan qoru özünü, harama uyma,
Nə də ki, bir kimsənin babalını yuma.
***
Sən də palaza bürün, öz elinə qarış,
Arşın olan yerdə, neyləyə bilər qarış?
***
Çəkəcək hər bir kəs pis əməlin bəlasın,
Şirin can ilə bir gün duyacaq ağrısın.
***
Kim ki yaltaqlıq öyrənir ta uşaqlıqdan,
Həyatda qazancıdır təkcə yaltaqlıqdan.
***
Yetməz heç bir kəsin gücü tək bircə ova,
Ta ki ovu yaradan salmasa tilova.
***
Ayıqkən bilsələr də sərxoşluğun töhmətin,
Şərabı sutək içən itirir öz hörmətin.
***
Şərabın fəsadını bilməsə də sərxoşlar,
Şərabın xarabını da yenə onlar xoşlar.
***
İnsanı gözəl göstərən ağıldır, ağıl,
Bil, qiymətdən düşər, əgər çürüksə taxıl.
***
Torpaqdan soruşsan Günəşə sevgisini,
Sənə deyəcəkdir təkcə öz istəyini.
***
Kim dağ ürəyindən alırsa gücü özü,
Onu əsir etməz hətta tufanın gücü.
***
Dedilər, bostançı hesab-kitab itirib,
Heç demədilər, bağından bir tufan keçib.
***
Nasaz gəmi yan alsa əgər tərsanəyə,
Özü qurtular, mövzu olmaz əfsanəyə.
***
Gülşəndə gülün görüb şad olmasa bülbül,
Meylin salıb özgə gülə, şaddır tazə gül.
***
Dansan gər özünə verilən bir iynəni,
Axtar, tap özün kimi qədir bilməyəni.
***
Yıxıb yax, qəm evində dərdlərin devini,
Görmə, dərd əymişdir qəddi- qamət belini.
***
Al, ey saqi, ver naməni aparsın quşlar,
Yar qəlbi ağlarsa, çəmənzar da qəlb dağlar.
***
Savaşda qalib olmur, əsgər yatsa səngərdə,
Ordu qalib olarmı, əgər yoxsa sərkərdə?
***
Dağ da öz bərkliyinə lap çox əmin olsa da,
Bir parça daşı qopsa, gurultu salır o da.
***
İnsanı qane etmir nə az, nə də ki lap çox,
Çoxun çox xərci olur, azınkısa daha çox.
***
Əgər sənin dünəndə varsa dərin nöqsanın,
Təkrar edərsən, olmasa özünə qınağın.
Kim ki dünya mülkünə etdisə artıq nəzər,
Əlindən malı gedər, cahandan edər həzər.
***
Maftun olubsa dostun təkcə xoş əhvalına,
Bacarmaz dözə sənin bir an bərbad halına.
***
Yaş ötdükcə çoxalsa, günahlar birər-birər,
Gəncikən qazandığın hörmət gedəcək hədər.
***
Kiminsə gər könlünə düşsə eşqin səfası,
Hər bir səfanın, əlbət, vardır neçə cəfası.
***
Fikirləri calay vətən gəzdirsə əgər kimi,
Özü olsa da sənlə, sanki batmış bir gəmi.
***
Aşinansa gər qəmin, çəkərsən dərdin cəmin,
Çəksən dərdlərin cəmin, loğman olar gərəyin.
***
Zalımlar bilsə dərdin, işin düşər loğmana,
Fələk çəksə qılıncın, yolun düşər zindana.
***
Belə keçmiş, ey biçarə, dərmana get dildarə,
Ya yox deyər, ya yetər dərdinə edər çarə.
***
Hüşyar çəkə dərdü-bəla, biçarə dərddən avarə,
Zalıma əl açar şah da, əgər qalarsa biçarə.
***
Kimin çardağı bənzər uca, gözəl saraya,
Bil ki, qəlbən xoşbəxtdi, çağırmaz heç haraya
***
Dərdi başından aşan bir kəsdən soruşsan söz,
San, xəraba kəndə girdin, nə gördün səbr et, döz
***
Körpü əgər dağılsa, dostun biri paxılsa,
İstər özü qurtula, başqası batacaqsa.
***
Eşitsən bir acı söz, çalış ona bir az döz,
Deyənin ağzı zəhər, o zəhər səni kəsər.
***
Dolu yağsa başına, zədə dəyər başına,
Paxıl çıxsa qarşına, su qatacaq aşına.
***
Olmaz əgər olarsa, solmaz əgər solarsa,
İnsanlıq da yox olar, birlik, vəhdət pozulsa.
***
Gücü alsa hər insan imanın dərgahından,
Üz döndərərsə bir gün, çıxacaq insanlıqdan.
***
Yol məqsədlə gedilsə, nəyəsə faydası var,
Məqsədsiz gedilərsə, bilinməz bir sonu var.
***
Al təbiət əlindən beş-üç gözəl insanı,
Qalanları viranə qoyacaqdır dünyanı.
***
Aclıqdan bir tülkünün əldən düşərsə canı,
Xoruza cani deyər, eşidəndə sübh banı.
***
Özün getsən yolu tək, lazımdır güclü bilək,
Bilək güclü olanda xəta uzaq gəzəcək.
***
Yolunu getsən qoşa, hirsin gəlməsin cuşa,
Sən yoldaşa ol qardaş, qardaşlıq getməz boşa.
***
Yumruq dəysə başına, ağlın gəlməz başına,
Ta ki başın dəyməsə bir gün əhləd daşına.
***
Çilik-çilik şüşəni sən düzəldə bilməzsən,
O hala düşməmişdən sən qoruya bilərsən.
***
Ayağın dəyən yerə əllərin dəysə idi,
Ey insan, bu dünya da tamam xərabə idi.
Xalidə Hicran
Visiontv.az