4 cildlik “ HİKMƏT XƏZİNƏSİ”, 3- cü cild. ON YEDDİNCİ HİSSƏ
Tək özünü düşünür bütün canlı olanlar,
Belə olmasa idi, olmaz darda qalanlar...
***
Şələ ağır olanda ona da dözür fağır,
Dözümü kasad olan edir hey qışqır-bağır.
***
İnsan elə məxluq ki, yükləndikcə yüklənir,
Bil ki, dərdi çəkdikcə dərd özü də yekəlir.
***
Etməsə də yaltaqlıq insanların çoxusu,
Özündənrazıya xoşdur yaltaqların ordusu.
***
Bir yaltaqla sən getsən əgər böyük məclisə,
Təriflər paltarını, təsadüf geysən tərsə.
***
Həyasıza həya dərsi olacaq faydasız,
Kimlər ki iffətlidir, ondan olmaz həyasız.
***
Bu dünya ta əzəldən olubdur qan çanağı,
Haqsızlar söndürüblər haqla yanan ocağı.
***
Yoxa çıxmış ədalət beş-üç nəfərdə varsa,
Beş-üç nəfər neyləsin zülmkar bir ordusa.
***
Qəlblərin həm dili, həm də gözləri var,
Onu işlədənlər, səmimi olurlar.
***
Həvəs çəkən tərəfə kimlər yan alsa əgər,
Qəlbdə həvəs bitdisə, özü də çarə gəzər,
***
Bir kəlmənin qiyməti çox olsa da qızıldan,
Hələ çox qiymətlidir, çıxmayıbsa ağızdan
***
Könüllərin qazancı olub yalnız məhəbbət,
Amma aldanan qəlblər sevgiyə etmir hörmət
***
Almasa yan bir gəmi qəlb istəyən tərəfə,
Oxun da dəyməyəcək qəlbindəki hədəfə.
***
Töhfəni versə əl, qəlb də gərək verə əl,
Qəlbin yol vermədiyi məsələ tapmaz həll.
***
Hərəyə bir ömür yaşamaq varsa dünyada,
Onu elə yaşa ki, peşman olma axırda.
***
Abır, əməl sözdədir, əməl abırı satır,
Yalan söz danışanlar özlərini tanıdır.
***
Gözlər görmək üçünsə, hər nə var düzgün görə,
Düzgünü əyri görsə, özünü əyri görə.
***
Oxu olsa da iti, çalış tanı igidi,
Birinin adı çıxsa, çox da hürüyər iti.
***
Son kəlməni söyləsə əgər vicdanın səsi,
Kəsiləcəkdir orda, inan, hər kəsin səsi.
***
Tənə ilə deyilən sözü hər gün eşitsən,
Cavab verməsən əgər özünü yüksəldərsən.
***
Sözü eyninə alıb cavabı sən qaytarsan,
O kəsin dediyinə sən imzanı qoyursan.
***
İnsanlıq deyil asan, onu qorumaq lazım,
İnsanlıq olmasa gər, insanlar nəyə lazım?
***
İradə var, dəmirtək, iradə var, ondan bərk,
İradəsiz insanın arzusundan gözün çək.
***
Əl-qolun açılıbsa, kaş iradən bərk ola,
Əl-qolun bağlıdırsa, yolların açıq ola.
***
Yol var, gedib sona qalib kimi çatarsan,
Yol var, yollarda qalıb o yolda qocalarsan.
***
Hər yolun öz qisməti, qismətin öz adamı,
Adam var, yola düşməz, hasil olar qisməti.
***
Dövləti qazanarsan, çətindi bir insanlıq,
Ən gözəl dövlət odur, insanlığı qazanmaq.
***
Cavan camış böyürsə, tökülər ondan palçıq,
Qocası böyürsə, üstünə bulaşar palçıq.
***
Bülbülü-şeyda sevinər gülü görüncə qönçə,
Qoca bülbül oxuyar bir gül görsə doyunca.
***
Qocalsa əgər camış, ona yükdür ayağı,
Ayağındakı palçıq olar onun dayağı.
***
Artıqtamah olanlar əliaçıq olmazlar,
Həyatı anlayanlar artıqtamah olmazlar.
***
Dəyirmançı başını ağrıtsa çax-çax daşı,
Çörəyin xatirinə dözər ağrıya başı.
***
Ucada yuva qursa hətta balaca sərçə,
İstəməz o budaqda məskən sala bir özgə.
***
Kim desə ki, yanılmadım bir dəfə də həyatda,
Demək, o kəs dayanıbdır yanlış addım atanda.
Bilsən ki, çay dərindi, bəlkə də, sənin fəhmindi?
Çay var, dayaz görünür, dibi dəryadan dərindi,
***
Qulaq əgər yorulsa hətta bülbül səsindən,
Demək, o çıxa bilmir həyat məngənəsindən.
***
Yolun uzaqsa əgər, yol da sənə yol çəkər,
Bir tərəfdən sağ çəkər, bir tərəfdən səl çəkər.
***
Zaman verir amanı, sən istərsən amanı,
Yamanı dadmayınca zamandan um amanı.
***
Dərd özünə həmdəm bilər, hər qayğını çəkəni,
Başısoyuq olan kəslər bacarmır dərd çəkməni.
***
Ağıl özündən böyük bir işə qədəm qoysa,
Başın bəla çəkəcək vaxtında dayanmasa.
***
Yaranmışlar yaranıb "O" bir sultan əmriylə,
Hərədə neçə dərd-sər, gəlişi, gedişilə.
***
Olsaydı da dünyanın acından çox toxları,
Yenə də dəyişməzdi büsbütün insanları.
***
Diş, ağız yorulur gözün yoxdur toxluğu,
Acgözün gözlərisə heç görməz bolluğu.
***
Təslim olur cismi-can, göz sevmir bağlanmağı,
Gözlər hələ gözləyir bircə ovuc torpağı.
***
Münasibət ülfətlə qurulub olur qala,
Münasibət yoxsa çətin qaladan iz qala.
***
Kim sübh çağı, kimi qürub çağı qurur yuva,
Elə həmin gündən başlar fələk qovhaqova.
***
Hər nə var həyatında, qəlbdir ona tək hakim,
Xəstə halına belə birinci odur həkim.
***
Bir əzan xəstə olsa, qəlbin ağrıya dözür,
Qəlbin xəstə olanda vücudun ona dözmür.
***
Zorla açılsa bazar, bazar gətirər azar,
Bazarda bahalıqsa, tüccar sözündən qaçar.
***
Əlin üzmə həyatdan, özünü unudarsan,
Gər özünə güvənsən, həyatı qazanarsan.
***
Yoxsa bağçada gülün, zövq ilə becərərsən,
Sevə-sevə işləsən, yorulmaq nə bilməzsən.
***
Hər hansı işi görsən, gərək işi sevəsən,
Gördüyün işi sevsən, işləsən, dincəlirsən.
***
Baş tutsa da insanın arzu kamı həyatda,
Gərək heç unutmaya, dünən olmuş harada?
***
"Ac yatıb varlı duran" yol azanda həyatda,
Tez unudur ki, dünən dən yox idi çuvalda.
***
Eşq qəlbə bir məlhəm ki, yoxmuş onun əvəzi,
Sap yerinə gül alar eşqə girifdar dərzi.
***
Min bir rəngə çalsa da deyiləndə yalanlar,
Saralıb solar yalan, əgər olarsa aşkar.
***
Qiymət düz verilsəydi əgər insan ağlına,
Hər kəs də yığışardı ağıllının yanına.
Xalidə Hicran
visiontv.az