İran rejimi 19 yaşlı yeniyetməyə edam hökmü verdi
17.02.2026

İranda Yanvar etirazları ilə bağlı repressiyalar davam edir. Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi hakim Səlavatinin sədrliyi ilə Məhəmməd Əmin Beyqləri barəsində edam hökmü çıxarıb. Hökm hazırda baxılması üçün Ali Məhkəməyə göndərilib.

Məhəmməd Əmin Beyqləri 8 Yanvar tarixində Tehranın Dəmavənd küçəsində saxlanılıb. O cəmi 19 yaşındadır və yaxınlarının bildirdiyinə görə, yenicə 19 yaşına qədəm qoymuşdu. Onun vəziyyəti ilə bağlı yayılan məlumatlar olduqca məhduddur. Ailəsi bir müddət onun harada saxlanıldığı barədə heç bir məlumat ala bilməyib. Bildirilir ki, o daha əvvəl anasını itirib.

İran rəsmiləri Qərb mediasına müsahibələrində etirazçılar barədə edam hökmlərinin verilmədiyini iddia etsələr də, məhkəmələr ağır qərarlar çıxarmaqda davam edir.

İran dövlət televiziyası gənclə bağlı qısa və montaj edilmiş görüntülər yayımlayaraq onu guya ictimai obyektlərin dağıdılması və məmurlara hücumda iştirakçı kimi təqdim etməyə çalışıb. Halbuki sosial şəbəkələrdə yayılan videolarda bəzi hallarda bank və mağazaların məhz hökumət qüvvələri tərəfindən dağıdıldığı görünür.

İnsan hüquqları fəalları bildirirlər ki, bu cür televiziya “etirafları” əksər hallarda təzyiq və işgəncə altında alınır və ağır hökmlərin əsaslandırılması üçün istifadə olunur. Hakim Səllavati isə təhlükəsizlik işləri üzrə sərt qərarları ilə tanınır.

Yenicə 19 yaşı tamam olmuş bir gəncə edam hökmünün verilməsi İran rejiminin etirazları qorxu və ölüm cəzası ilə susdurmaq siyasətini davam etdirdiyini göstərir və beynəlxalq insan hüquqları dairələrində narahatlığı daha da artırır.

visiontv.az