Böyük dövlətlərin Mərkəzi Asiyaya marağı artıb
06.08.2026

Əgər əvvəllər Mərkəzi Asiya qonşuluğundakı Çin və Rusiya ilə əməkdaşlığa əhəmiyyət verirdisə, hazırda bölgə ölkələrinin seçim imkanı genişlənib. Mərkəzi Asiya ölkələri müxtəlif ölkələrlə, o cümlədən ABŞ, Avropa İttifaqı, Yaponiya, Cənubi Koreya ilə 5+1 formatında əməkdaşlıq edirlər. Bu formatda növbəti sammitin sentyabr ayında Cənubi Koreyanın paytaxtı Seulda keçirilməsi planlaşdırılır. Mərkəzi Asiyanın Azərbaycan və Türkiyə ilə birgə inteqrasiya proseslərinə fəal qatılması da reallıqdır. Bununla yanaşı Mərkəzi Asiya ölkələri Avrasiya bölgəsinin digər ölkələri ilə əməkdaşlığı da gücləndirməyə qərar veriblər. Belə ölkələrdən biri Hindistandır.

Özbəkistan Hindistanla tərəfdaşlığı gücləndirməyə qərar verib. Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov avqustun 3-də Hindistana səfəri zamanı bu ölkənin Prezidenti Draupadi Murmu ilə görüşüb. Görüşdə Özbəkistan və Hindistan arasında ticarət, iqtisadi və siyasi sahələrdə əməkdaşlıq daha da inkişaf etdiriləcəyi vurğulanıb. Razılaşmaya əsasən, iki ölkə yalnız iqtisadiyyat və ticarət sahəsindəki işbirliyi ilə kifayətlənməyəcək, həm də siyasi əlaqələri canlandıracaq. İki ölkə arasında mədəniyyət və humanitar sahələrdə də münasibətlərin gücləndirilməsi nəzərdə tutulub. Hindistan Prezidenti iki ölkə arasındakı humanitar əlaqələrin inkişafına dair iki misal çəkib. Birincisi, indiyənə qədər Özbəkistandan olan üç mindən çox rəsmi şəxs və mütəxəssis Hindistanın Texniki və İqtisadi Əməkdaşlıq təlim proqramlarından və təqaüd təşəbbüslərindən faydalanıb. İkincisi, hazırda Özbəkistanda 16 mindən çox hindli tələbə təhsil alır. Özbəkistanın xarici işlər naziri hindli həmkarı Subrahmanyam Jaishankarla da strateji tərəfdaşlığın gücləndirilməsi mövzularını müzakirə edib. Nazirlər hərtərəfli əlaqələrin inkişafı zərurətini vurğulayaraq qarşılıqlı yatırımların artırılması, o cümlədən nəqliyyat layihələri barədə də fikir mübadiləsi aparıblar.

Özbəkistanın xarici işlər nazirinin Hindistana səfərinin əsas məqsədi bu ölkə ilə ticarət, investisiya, enerji və regional təhlükəsizlik sahələrində əməkdaşlığı dərinləşdirməkdir. Hindistanın Mərkəzi Asiyanın aparıcı dövlətlərindən biri olan Özbəkistanla hərtərəfli əməkdaşlığa ehtiyacı var. Bu Hindistanın Mərkəzi Asiyada möhkəmlənməsi üçün əhəmiyyətlidir. Öz növbəsində Özbəkistan Rusiya və Çinlə yanaşı Hindistanla da əməkdaşlığın genişləndirilməsini lazım bilir. Hindistanın Baş naziri Narendra Modi və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 2025-ci ilin sentyabr ayında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Toplantısı çərçivəsində görüşərək, əməkdaşlığı daha üst səviyyəyə qaldırmağı razılaşdırmışdılar.

Hindistan Özbəkistanın ən yaxşı 10 ticarət tərəfdaşı arasında yer alır. Ötən il iki ölkə ticarət mübadiləsi 30 faiz artaraq 1 milyard 300 milyon dollara çatıb. Tərəflər ticarət mübadiləsini 2 milyard dollara çatdırmağı hədəfləyiblər. Hindistan Özbəkistana əczaçılıq məhsulları, optik avadanlıqlar, mobil telefonlar və dondurulmuş ət ixrac edir, Özbəkistandan isə meyvə, tərəvəz, gübrə, şirə və sürtkü yağları idxal edir. Son illərdə sürətlə inkişaf edən Özbəkistan Hindistanla ticarəti artırmağı planlaşdırır. Təsadüdi deyil ki, Özbəkistanın Hindistana səfəri zamanı Yeni Dehlidə biznes forum da keçirilib. Biznes forumda hər iki ölkədən iştirak edən yüzlərlə biznesmenə müxtəlif layihələrdə iştirak təklif edilib. İndinin özündə Özbəkistanda Hindistan kapitalına bağlı 400 şirkət fəaliyyət göstərir. Bu şirkətlərin maliyyə dövriyyəsi 5 milyard dollar civarındadır.

Özbəkistan Prezidenti Şövkət Mirziyoyevin ölkəsinin inkişaf modeli iqtisadiyyatın liberallaşdırılmasına, sahibkarlığın təşviqinə, investisiya mühitinin yaxşılaşdırılmasına, logistika imkanlarının artırılmasına və rəqəmsallaşmanın genişləndirilməsinə əsaslanıb. Bu siyasətin nəticəsində Özbəkistan xarici investorlar üçün cəlbedici ölkəyə çevrilib. Özbəkistan gəlirlərini artırmaqla Mərkəzi Asiyada iqtisadi çəkisini artırıb. Şövkət Mirziyoyev praqmatik siyasət həyata keçirir. Özbəkistan müxtəlif dövlətlərlə iqtisadi əməkdaşlığın inkişafı yollarını araşdırır, təkliflər irəli sürür və həmin təklifləri reallaşdırmağa çalışır. Özbəkistanın Hindistanla əməkdaşlığı genişləndirmək istəyi bununla bağlıdır.

Elxan Şahinoğlu

visiontv.az