Boşanma ərəfəsində olan nikah: Rusiya Ermənistanı necə itirir
05.06.2026

Ermənistan hakimiyyəti Kreml agentlərinin ovlanması barədə təkcə öz elektoratına deyil, həm də Avropa liderlərinə danışır. Paşinyan və onun tərəfdarları onlarla ünsiyyətdə Ermənistanı Rusiya müstəmləkəçiliyinin buxovlarını atmış və Avropa İttifaqına daxil olmağa hazır olan Ukrayna və Moldova kimi gənc bir demokratiya kimi təqdim etməyə çalışırlar.

May ayında keçirilən Avropa Siyasi Birliyinin sammitində və Avropa İttifaqı-Ermənistan sammitində Fransa prezidenti Emmanuel Macron əmin edirdi ki, "Ermənistan qətiyyətlə Avropaya tərəf addımlayır", Avropa diplomatiyasının rəhbəri Kaya Kallas isə Yerevan üçün Avropa İttifaqına üzvlüyün açıq ola biləcəyinə işarə edirdi. Reallıqda isə hələlik söhbət heç Aİ-yə namizəd ölkə statusundan da getmir. Hazırda yalnız Ermənistan vətəndaşları üçün Avropaya vizasız gediş-gəliş müzakirə olunur.

Lakin Yerevanın ritorikası Kremli qəzəbləndirir və orada tez-tez xatırladırlar ki, Aİ-yə daxil olmaq, Ermənistanın böyük fayda götürdüyü, Moskvanın rəhbərlik etdiyi gömrük bloku olan Avrasiya İqtisadi İttifaqına üzvlüklə bir araya sığmır.

Rusiya Ermənistanın əsas ticarət tərəfdaşıdır və Avrasiya İqtisadi İttifaqına üzvlük rüsumsuz ticarət, əmək miqrantları üçün asanlaşdırılmış şərtlər deməkdir, həmçinin qaz qiymətində əhəmiyyətli güzəştlə müşayiət olunur. Ermənistan hakimiyyəti indiki zamandakı hiss olunan iqtisadi mənfəətlə gələcəkdəki uzaq avrointeqrasiya perspektivi arasında seçim etmək istəmir. Onlar bildirirlər ki, seçim vaxtı çatanda ediləcək, hələlik isə o vaxt gəlməyib.

Hərçənd Moskva səkkiz il ərzində Paşinyanla işləməyi və onun ünvanına etdiyi hücumları görməzdən gəlməyi öyrənsə də, bu dəfə Putin təkid edir ki, Yerevan bir qərara gəlməlidir – Rusiya ilə qalmaq, yoxsa Aİ-yə can atmaq. Özünün keçmiş həyat yoldaşı ilə boşanmasından on üç il ötən Rusiya prezidenti belə demişdi: "Buna uyğun olaraq biz də müvafiq nəticələr çıxarardıq və yumşaq, belə intellektual və qarşılıqlı faydalı boşanma yolu ilə gedərdik".

Ermənistan rəhbərliyinin isə bu bənzətmədən xoşu gəlmədi. Keçən ilki boşanması sarı mətbuatda müzakirə mövzusuna çevrilən parlament spikeri Alen Simonyan bəyan etdi: "Bu, siyasətdir, nikah və aliment deyil. Biz aliment istəmək və ya uşaqları bölüşmək fikrində deyilik və bu cür söhbətlərin əleyhinəyik".

Sözdən əmələ keçərək, Rusiya may ayında Ermənistandan tərəvəz, meyvə, konyak, şərab, mineral su və gül idxalını məhdudlaşdırdı.

Yerevandakı Regional Demokratiya və Təhlükəsizlik Mərkəzinin direktoru Tiqran Qriqoryan hesab edir ki, Moskvanın Ermənistanda baş verənlərə əvvəlkindən daha sərt reaksiya verməsinin səbəbi hazırda ölkədəki mühüm Rusiya aktivlərinin təhlükə altında olmasıdır.

O hesab edir ki, Kremli Paşinyanın Ermənistan dəmir yollarının imtiyazlı idarəçiliyini Rusiyadan alıb başqa bir ölkəyə (hazırda Qazaxıstan əsas namizəd hesab olunur) vermək istəyi narahat edir.

"Hər hansı bir razılaşdırılmamış addım Rusiya üçün qırmızı xətdir. Orada bu konsessiya müqaviləsindən, dəmir yollarına nəzarət və idarəetmədən imtina etməyə heç bir halda hazır deyillər", — deyə ekspert "Civilnet" nəşrinin podkastında bildirib.

Bundan əlavə, "Rosatom" Ermənistanda yeni atom elektrik stansiyası tikmək istəyir, lakin Yerevan podratı ona verməyə tələsmir və ABŞ və Fransa ilə danışıqlar aparır.

Politoloq Mikael Zolyan hesab edir ki, Kremldə Ermənistandakı mövqelərini itirmək riski ilə üzbəüz qaldıqlarını yalnız indi dərk ediblər.

"Ermənistan ilk dəfədir ki, Qərb ilə Rusiya arasında geosiyasi rəqabət meydanına çevrilib. Əvvəllər Moskva, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Ermənistanı özünün təsir dairəsi hesab edirdi", — deyə Paşinyanın blokundan olan keçmiş parlament deputatı Zolyan yazır.

"İndi isə Ermənistan hakimiyyəti "dekolonizasiya"dan (müstəmləkəçilikdən azad olmaqdan), ABŞ ilə əməkdaşlıqdan və Aİ ilə inteqrasiyadan danışır. Paşinyanın kampaniyasının əsas kozırı — Qərblə yaxınlaşma və ABŞ-ın vasitəçiliyi ilə Azərbaycanla bağlanmış Vaşinqton razılaşmalarıdır".

visiontv.az