"Xəzri TN" MMC - №1 Çörək zavodu son günlər müəssisənin istehsal etdiyi maffin məhsulu ilə bağlı yayılan iddialara dair açıqlama yayıb.
Müəssisədən bildirilib ki, daxil olan müraciət əsasında dərhal daxili araşdırma aparılıb, istehsal prosesi, istifadə olunan xammallar, qablaşdırma materialları, eləcə də saxlama və daşınma şəraiti hərtərəfli şəkildə yoxlanılıb.
Qeyd olunub ki, məhsul yeni olduğu üçün satışa çıxarılmazdan əvvəl qanunvericiliyə uyğun olaraq nümunələr akkreditasiya edilmiş laboratoriyada mikrobioloji analizlərə cəlb edilib və rəf ömrü qiymətləndirilib. Nəticələr məhsulun təhlükəsizlik və keyfiyyət tələblərinə cavab verdiyini, müəyyən edilmiş yararlılıq müddəti ərzində keyfiyyət xüsusiyyətlərini qoruduğunu təsdiqləyib. Həmçinin nümunələrdə kütləvi xarakter daşıyan hər hansı mikrobioloji uyğunsuzluq aşkar edilməyib.
Araşdırmalar nəticəsində müəyyən edilib ki, qeydə alınan hal istehsal prosesində sistemli qüsurla bağlı deyil və müəssisənin keyfiyyətə nəzarət sistemi məhsul təhlükəsizliyinin təmin olunmasında effektiv rol oynayır. Bildirilib ki, müşahidə edilən kiflənmə halı ehtimal ki, saxlama şəraitindəki mümkün uyğunsuzluqlarla əlaqədardır.
Açıqlamada həmçinin vurğulanıb ki, bəzi mənbələrdə bir məhsulla bağlı yaranmış vəziyyətin bütün məhsullara şamil edilməsi ictimaiyyətdə yanlış təsəvvür yaradıb və aparılan yoxlamalar bu iddiaları təsdiqləməyib. Məlumatda qeyd olunub ki, yayılan görüntülər üzrə araşdırma nəticəsində həmin materialların illər əvvəl çəkildiyi müəyyən edilib. Qablaşdırma dizaynının 2023-cü ilə qədər istifadə olunduğu, hazırda isə fərqli dizayn tətbiq edildiyi bildirilib.
Müəssisə istehlakçı müraciətlərinə həssas yanaşdığını, keyfiyyət və təhlükəsizliyi əsas prioritet hesab etdiyini qeyd edib və hər bir müraciətin diqqətlə araşdırıldığını bildirib.
"Xəzri TN" MMC - №1 Çörək Zavodu əlavə edib ki, 2024-cü ildən ISO 9001 və ISO 22000 beynəlxalq standartlarına uyğun sertifikatlaşdırılıb, hazırda isə FSSC 22000 standartının tətbiqi istiqamətində işlər aparılır və ilin sonunadək sertifikatın əldə olunması planlaşdırılır.
visiontv.az