Son 24 saat ərzində Rusiyanın Altay Respublikasının Turoçakski rayonunda ovçular beş ayını vuraraq öldürüblər. Bu rayonda yerləşən turist bazasının ərazisində daha əvvəl ayı qadını çadırından sürüyərək çıxarıb, parçalayaraq öldürüb, yeyib və basdırıb.
Visiontv.az-ın Kommersant.ru-ya istinadən xəbərinə görə, bu barədə regional hökumətin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, ərazidə saat 20:00-dan 10:00-dək komendant saatı qüvvədədir. Gecələr polislər və ovçulardan ibarət mobil patrul qrupları növbətçilik edirlər.
"Ayılar kəndlərdə görünməyə başlayıb, buna görə də əhalinin sayına nəzarət sakinlərin təhlükəsizliyi üçün zəruri tədbirdir", - deyə hökumət əminliyini ifadə edib.
Xatırladaq ki, ayının hücumu avqustun 19-da gecə Artıbaş kəndindəki turist bazasında baş verib. 29 yaşlı Snejana nişanlısı ilə birlikdə çay sahilində çadır qurub. Ayı düşərgəyə gecə saat bir radələrində hücum edib və qadını meşəyə sürükləyib. Daha sonra onun qalıqları tapılıb.
Yerli sakinlərdən olan qadın danışıb ki, çağırışa polislər gəliblər, lakin onlar havaya atəş açıblar və ayı silah səslərindən qorxmayıb. Ərazidə yüksək hazırlıq rejimi elan edilib. Fövqəladə vəziyyətdən sonra Təbii Sərvətlər Nazirliyi ayıları ovlamaq üçün əlavə lisenziyalar verib.
visiontv.az