Yaxın Şərqdəki gərginlik Avropa sakinlərinə ciddi ziyan vurdu
20.08.2026

2026-cı ilin mart-iyun aylarında İran ətrafında baş verən münaqişə səbəbindən Avropa İttifaqına üzv ölkələrin ev təsərrüfatları avtomobil yanacağı və enerji üçün əlavə olaraq təqribən 18.9 milyard avro xərcləməli olublar.

Visiontv.az  xəbər verir ki, bu məlumatı  Avropa Komissiyası və  "Avrostat"ın göstəricilərinə istinadən "İzvestiya" qəzeti yayıb.

Nəşrin məlumatına əsasən, əlavə xərclərdə ən böyük artım Fransa (4.3 milyard avro), Almaniya (3.6 milyard) və İtaliyada (3.36 milyard) qeydə alınıb.

Bu hesablamalar istehlak həcminin əvvəlki səviyyədə qalması şərti ilə aparılıb. Eyni zamanda, biznesin xərcləri, həmçinin xidmət və malların qiymətlərindəki dolayısı artımlar nəzərə alınmayıb.

Qəzetin qiymətləndirməsinə görə, əgər  Yaxın Şərqdə münaqişə davam edərsə, ilin sonuna qədər  Avropa ailələrinin istehlak səbəti üzrə əlavə xərcləri 88.8 milyard avroya qədər yüksələ bilər.

visiontv.az