Yaxın Şərq gərginliyi Pakistanda yanacağı rekord həddə bahalaşdırdı
03.04.2026

Pakistan rəsmiləri respublika ərazisində yanacağın əhəmiyyətli dərəcədə bahalaşdığını elan ediblər. Belə ki, dizelin bir litrinin qiyməti 55 faiz artaraq 335 Pakistan rupisindən 520 rupiyə (təxminən 2 manatdan 3.15 manata) yüksəlib. Eyni zamanda, benzinin dəyəri 42 faiz çoxalıb - 321 rupidən 458 rupiyə (1.95 manatdan 2.78 manata) qalxıb.

Visiontv.az  "Pakistan Today" nəşrinə istinadla bildirdiyinə görə, müvafiq açıqlamanı Pakistanın neft naziri Əli Malik verib.

Nazirin açıqlamasına əsasən, Yaxın Şərq regionunda davam edən münaqişələr karbohidrogenlərin tədarük zəncirində qırılmalara gətirib çıxarıb.

İlkin mərhələdə İslamabad dizel və benzinin bahalaşan pərakəndə satış dəyərini dövlət xəzinəsi hesabına subsidiyalaşdırmağa cəhd etsə də, bu addım iqtisadi baxımdan səmərə verməyib.

Bununla yanaşı, dərinləşən enerji böhranı şəraitində hökumət vətəndaşlar üçün nəzərdə tutulan kerosinin pərakəndə satış qiymətini də qaldırmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, bir müddət öncə Pakistanın Baş naziri Şahbaz Şərif dövlət səviyyəsində yanacağa qənaət üzrə sərt addımların atıldığını bildirmişdi.

Xatırladaq ki, martın 18-dən etibarən ölkədəki bütün ümumtəhsil məktəblərinin fəaliyyəti dayandırılıb, ali təhsil ocaqları isə məsafədən tədris formatına keçid edib.

Dövlət idarələrinə təhkim edilmiş xidməti avtomobillər üçün ayrılan yanacaq limitlərinə də məhdudiyyətlər tətbiq olunub. Benzin sərfiyyatını azaltmaq məqsədilə dövlət qulluqçularının 50 faizi distant iş rejiminə cəlb edilib, həmçinin bütün rəsmi qurumların iş saatları qısaldılıb.

Pakistan ərazisində yanacağın dəyərinin qəfil və kəskin şəkildə yüksəlməsi onu göstərir ki, ölkə rəhbərliyi tərəfindən əvvəlcədən tətbiq edilən qabaqlayıcı tədbirlər kifayət etməyib.

visiontv.az