Xəzərin gələcəyi bəyanatlardan deyil, konkret addımlardan asılıdır
29.09.2026

“İran diplomatiyası” saytında dərc olunan məqalədə yazılır ki, Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan Xəzər dənizinin qorunması məqsədilə 2026–2027-ci illər üzrə birgə iş planı barədə razılığa gəliblər.

Qərar Tehran Konvensiyasının Tərəflər Konfransının Tehranda keçirilən yeddinci iclasında qəbul edilib.

Məqalədə qeyd olunur ki, razılaşmanın əsas əhəmiyyəti beş Xəzəryanı ölkənin dənizin problemlərinin ayrı-ayrılıqda həll edilə bilməyəcəyini qəbul etməsidir.

Məlumata görə, 2026–2027-ci illər üzrə proqram çirklənmənin qarşısının alınması, ekoloji monitorinqin gücləndirilməsi, məlumat mübadiləsi və fövqəladə hallara qarşı tədbirlərin əlaqələndirilməsi baxımından əhəmiyyətlidir.

Yazıda deyilir ki, Xəzəryanı ölkələrin siyasi və iqtisadi prioritetləri fərqli olsa da, dənizin qorunması bütün tərəflərin ümumi marağındadır.

Növbəti mərhələdə əsas diqqət qəbul edilən qərarların praktik nəticələrinə yönəlməlidir: çirklənmənin azaldılması, monitorinq mexanizmlərinin gücləndirilməsi, ekoloji məlumatların əlçatanlığının artırılması və fövqəladə hallarda birgə fəaliyyətin təmin edilməsi.

Sonda vurğulanır ki, Xəzərin gələcəyi yalnız qəbul edilən sənədlər və bəyanatlardan deyil, onların real siyasətə, iqtisadi planlaşdırmaya və ekoloji idarəetməyə çevrilməsindən asılıdır.

visiontv.az