"Reuters": ABŞ qüvvələri 20 ildən sonra İraqı tərk edir
29.09.2026

ABŞ qüvvələrinin İraqdakı son hərbi bazalardan çıxarılması sentyabrın 30-dək tamamlanacaq.

Bu barədə “Reuters“ məlumat yayıb.

Bildirilib ki, ABŞ-ın İraqdakı 20 ildən çox davam edən hərbi iştirakı zamanı 4 500 amerikalı həlak olub.

İranın dəstəklədiyi silahlı qruplar  ABŞ qüvvələrinin İraqdan çıxmasını “tarixi qələbə” və “Amerika layihəsinin sarsıdıcı məğlubiyyəti” kimi qiymətləndiriblər.

Bununla belə, İraqın təhlükəsizlik rəsmiləri ABŞ qüvvələrinin ölkədən çıxmasının vaxtından əvvəl olduğunu bildirirlər. Onların sözlərinə görə, İraq təhlükəsizlik məsələlərində tam müstəqil fəaliyyət göstərməyə hələ hazır deyil və  ABŞ qüvvələrinin çıxarılması təhlükəsizlik boşluğu yarada bilər.

“Reuters“ qeyd edir ki, ABŞ qüvvələri 2003-cü ildə Səddam Hüseyn hakimiyyətinin devrilməsi məqsədilə İraqa daxil olub. 2011-ci ilin sonunda ölkədən çıxan  ABŞ hərbçiləri 2014-cü ildə İŞİD-lə mübarizə çərçivəsində yenidən İraqa qayıdıblar.

Məlumata görə, bu il İranla müharibə zamanı həlak olan 18  ABŞ hərbçisindən 7-si İraqda ölüb. Sonuncu  ABŞ hərbçisi iyul ayında Ərbil yaxınlığındakı bazada İran PUA-sının qalıqlarının partladılması zamanı həlak olub.

visiontv.az