Money, Power and Global Brıtaın...
29.09.2026

17-ci əsrdə Fransa milli maraqlarını Katolik dünyasının mənəvi birliyindən üstün tutaraq qələbə qazandı və bir müddətə kontinental Avropanın hegemonuna, eləcə də Avropa dəbinin müəyyənedicisinə çevrildi. Lakin bu proqressiv düşüncə tərzi onun taleyini də həll edəcəkdi. Bir əsr yarım sonra Fransa həmin həlledici mənəvi seçimə görə ağır bədəl ödəyəcəkdi (dəhşətli bir inqilab, kralın edamı və Kilsənin məhvi). Britaniya və ABŞ ilə birlikdə demokratik dövlətlər birliyi"ndə yer alsa da, Fransa əvvəlki əzəmətinin solğun kölgəsi olaraq qalacaqdı. İngiltərəni isə bir qədər fərqli tale gözləyirdi. Otuzillik müharibə təkcə Almaniyanı deyil, bütün kontinental Avropanı ağır bir fəlakətə sürüklədi. Almaniyanın əhalisi 17 milyondan 10 milyona, Bohemiyanın əhalisi isə 2 milyondan 700 minə düşdü, Fransa isə bir milyon sakinini itirdi. Avropa iqtisadiyyatı tamamilə çökdü, epidemiyalar isə dağıdıcı prosesi tamamladı.

Məhz bu dağıdıcı alt-üstolma prosesi "Yeni Dünya" güclərinin yüksəlişinə yol açdı. Ticarətçi Niderland Birləşmiş Əyalətləri, kalvinist İsveçrə (hansı ki, sonradan Avropanın bankiri və xəzinədarına çevriləcəkdi) və nəhayət, mütərəqqi İngiltərə bu fürsətdən digər bütün dövlətlərdən daha uğurla yararlanan ölkə olaraq meydana çıxdı. Otuzillik müharibənin nəticələrindən heç vaxt özünə gələ bilməyəcək dərəcədə əldən düşmüş İspaniyaya hücumlar təşkil etməklə, Hollandiya və İngiltərə dənizlər üzərində nəzarəti ələ almağa başladılar. Qul ticarəti və qızılla dolu ispan qalleonlarına qarşı dəniz quldurluğu basqınları ilə işə başlayan, həmçinin sürətlə genişlənən donanmasından istifadə edərək müharibədən yorulmuş Avropanı blokadaya alan İngiltərə, bir əsr ərzində dünyanın ən güclü dəniz imperiyasına çevrildi. Britaniya İmperiyası onu qlobal hegemon statusuna yüksəldən Otuzillik müharibənin dərslərini dərindən mənimsədi və onları özünün məşhur güc balansı siyasətinin təməl daşına çevirdi. Bütöv, sağlam və güclü bir varlığa hökmranlıq etmək üçün həmin bütövlüyü parçalamaq, onun hissələrini bir-birinə qarşı qoymaq və müharibə yolu ilə onları əldən salmaq lazımdır güclünü zəifə, sağlamı xəstəyə çevirmək, sonra isə qurbanın resurslarını və qalan gücünü sorub tükədərək ona hökmranlıq etmək gərəkdir. Britaniya öz müstəmləkələrində məhz belə hərəkət edirdi və mümkün olan dərəcədə, elə Avropanın öz daxilində də eyni üsullarla davranırdı.

19-cu əsrin ortalarına doğru Britaniya dünyanın faktiki olaraq rəqibsiz ideoloji, iqtisadi və maliyyə hökmdarına çevrilmişdi. 20-ci əsrin astanasında, geniş ərazilərinə qürurla nəzər salan Britaniyanın üzərinə kölgə sala biləcək yeganə qüvvələr küllərindən yenidən doğulan Almaniya və Rusiya idi. Lakin zaman keçdikcə Britaniya üçün də hesabat günü gəlib çatdı. Tarixdəki məşhur Otuzillik Müharibədən üç əsr sonra, yer kürəsinin böyük bir hissəsini bürüyən və əvvəlkindən qat-qat dağıdıcı olan bir münaqişə alovlandı dağılmış dünyanın üzərində isə yeni bir hökmdarın ulduzu parlamağa başladı. Yetkinlik yaşına çatıb güclənən bu "Atlantik övladı", anasından aldığı dərsləri yaxşı mənimsəmişdi. İqtisadi, maliyyə və ideoloji hegemon kimi yaşlanan Britaniyanı sıxışdırıb çıxararaq, o, öz sələfləri və rəqibləri ilə necə amansız davranmışdısa, öz əcdadı ilə də eyni dərəcədə amansızcasına rəftar etdi.

Pərviz Əliyev

visiontv.az