24 il əvvəl səhər saat 8:46-da Nyu-Yorkun səmasında iki sərnişin təyyarəsi qoşa qülləyə çırpılmaqla 2977 insanın ölümünə səbəb oldu. Bu XX əsrin sonu ilə XXI əsrin əvvəli arasında çəkilmiş qırmızı xətt idi. O gün dünya anladı ki, müharibə artıq cəbhədə deyil, mətbəxində, ofisində, səmasında ola bilər. Məncə mənşəyinə görə 11 sentyabr hadisəsi klassik terrorun şah əsəri idi.
Niyə məhz klassik? Çünki klassik terrorun 3 qanunu var. Bir. Fiziki miqyas. Təyyarə qaçır, göydələnə çırpılır. Partlayış, qan, meyidlər, metal, tüstü, alov və sair. İki. Simvolik hədəf. Dünya Ticarət Mərkəzi – kapital, pul. Pentaqon isə güc. Yəni hədəf bina deyildi, ideya idi. Terrorçu demək istəyirdi ki, mən sənin tanrına daş ata bilərəm. Üç. Media tamaşası. CNN canlı yayımda. Bütün planet eyni anda nəfəsini tutub baxır. Terrorun məqsədi qətl deyil, tamaşa idi. Nə qədər çox insan baxsa, terror bir o qədər uğurlu idi. 11 Sentyabr sanki Hollivud filmi kimi qurulmuşdu. Ssenari, kulminasiya və final. Fərq onda idi ki, aktyorlar həqiqətən ölürdülər. İndisə gəlin bu günü 24 il əvvəllə müqayisə edək. Bu gün terror yeni simada və daha müasir texnologiya ilə silahlanaraq geri qayıdıb. Dünən terrorçunun silahı təyyarə idisə bu gün drondur. 2001-ci ildə terrorçu 200 nəfərlik təyyarəni silah edirdisə, bu gün 5 min dollarlıq dron 10 mərtəbəli binanın pəncərəsinə girir. Fərq ondadır ki, birində 19 terrorçu, yüzlərlə girov lazım idi, indisə 1 operator və bir pilotsuz dron bəs edir. Əgər 11 sentyabr ağır artilleriya idisə, bu gün hər gün atılan dronlar minlərlə kiçik 11 Sentyabrdır. Hər biri ayrı-ayrılıqda kiçikdir, amma cəmi böyük fəlakətlər yaradır. Hətta hədəflər belə dəyişib. Artıq simvolu vurmaq yox, gündəlik həyatı iflic etmək lazımdır. 1 dron 1 şəhərin işığını söndürür. 2 dron 1 hava limanını bağlayır. Bu, iynə ilə öldürmək taktikasdır. Bir zərbə yox, min zərbə. Hətta terrorun təqdim olunmasında da müasir platformalar ön plana çıxıb. 11 sentyabr həm də klassik media terror idi. Həmən gün terrorçular CNN-ə, BBC-yə möhtac idilər. Onlar partladırdı, jurnalistlər isə çəkib dünyaya yayırdı. Bu, yuxarıdan-aşağıya informasiya idi. 1 kanal, milyon tamaşaçı. Təsir gücü böyük, amma nəzarətli idi. Dron hücumları isə əslində onlayn media terrorudur. Bu gün hücumdan 30 saniyə sonra görüntülər Telegram-da, X-də, TikTok-da yayımlanır. Operator özü çəkir, özü montaj edir, özü yayır. Bu isə aşağıdan-yuxarıya informasiyadır. Min kanal, milyard klip. Bəs bunlar arasında fərq nədir? 11 sentyabrda dünya 1 dəfə şoka düşdü və 1 həftə ard-arda bundan danışdılar. Dron dövründə dünya hər gün 10 dəfə şoka düşür və 10 saniyə sonra növbəti videoya keçir. Klassik terror travma yaratdı. Müasir terror travmaya öyrəşdirmə yaradır. 11 sentyabr kino filmi idisə, dron hücumları TikTok lentidir. Sonsuz və asılılıq yaradan bir prossesdir. Nəticə olaraq deyim ki, 11 Sentyabr hadisəsi bizə dedi ki, gücün ola bilər, amma toxunulmaz deyilsən. Dron dövrü isə deyir ki, artıq heç kim toxunulmaz deyil. Hər kəs potensial hədəfdir. O cümlədən 2001-ci ildə kütləvi qorxu çox bahalı idi. Milyon dollarlıq təyyarələr, təlimlər, şəbəkə lazım idi. 2026-cı ildə qorxu çox ucuzlaşıb. Onlayın mağazadan dron al, Yutubda öyrən və planını həyata keçirt. Terror artıq “təşkilat” deyil, “metoddur”. Və bu metod hər kəsin cibinə sığır. Onu da qeyd edim ki, 11 Sentyabr terror ilə bu günkü dron hücumları arasında 24 il və 3 texnoloji inqilab var. Amma ruh eynidir. Hər iki halda məqsəd eynidir, insanlara təhlükəsizlik yalanıdır hissini aşıqlamaq. Əgər 11 Sentyabr 1 böyük partlayış idisə, bu gün biz minlərlə kiçik 11 Sentyabrda yaşayırıq. Və ən qorxulusu budur ki, biz artıq buna öyrəşmişik. 2001-ci ildə göydən iki təyyarə düşdü və dünya dəyişdi. 2026-cı ildə göydən hər gün yüzlərlə dron düşür və biz görüntülərə bəyənmə işarəsi qoyub keçirik. Bəlkə terrorun ən böyük qələbəsi də elə budur.
Şöhrət El-Dəniz
visiontv.az