Azərbaycan və Qazaxıstan Xəzərdə sərnişin daşımalarını bərpa edəcək
09.09.2026

"Qazaxıstan və Azərbaycan Xəzərdə sərnişin daşımalarına yenidən başlayacaq".

Visiontv.az  xəbər verir ki, bu barədə Qazaxıstanın  Azərbaycandakı səfiri  Alim Bayel məlumat verib.

Diplomatın sözlərinə görə, Qazaxıstan tərəfi  Azərbaycana Kurık-Bakı-Kurık limanı bərə xətti üzrə sərnişin daşımalarının bərpa olunmasını təklif edib. 

Səfir qeyd edib ki, daşımalar dayandırılana qədər  Xəzər dənizi vasitəsilə ildə təxminən 1500 sərnişin səfər edirdi. O, qarşıdakı dövrdə bu istiqamətdə səyahət etmək niyyətində olan sərnişinlərin sayının artacağına əminliyini bildirib:

"Bərə xəttinin yenidən işə salınması iki ölkə arasında sərnişin əlaqələrinin inkişafına təkan verəcək, turizm mübadiləsini gücləndirəcək və Orta Dəhlizin imkanlarını genişləndirəcək".

Səfir  Azərbaycan tərəfinin Qazaxıstanın təklifini dəstəklədiyini qeyd edib. Hazırda hər iki ölkənin nəqliyyat qurumları sərnişin əlaqələrinin təcili şəkildə bərpa edilməsi istiqamətində işlərə başlayıblar.

Xatırladaq ki, bu daşımalar 2020-ci ilə qədər həyata keçirilib və COVID-19 pandemiyası ilə əlaqədar dayandırılıb.

visiontv.az