NATO müttəfiqləri Donald Trampın bu ayın əvvəlində ABŞ-da prezident seçkilərində qələbə qazanmasından sonra potensial olaraq təlatümlü transatlantik münasibətlərə hazırlaşır. Tramp ilk prezidentliyi dövründə NATO-nun əhəmiyyətini şübhə altına alıb və müttəfiqlərini müdafiə üçün kifayət qədər maliyyə xərcləmədiklərinə görə dəfələrlə tənbeh edib. Lakin bir çox Avropa ölkələri Rusiyadan gələn təhlükə qarşısında daha çox maliyyə xərclənməsi çağırışlarını təkrarlayırlar. Amerikanın Səsinin müxbiri Henri Ridcvellin məlumatı bu haqdadır.
ABŞ rəsmiləri keçən həftə Polşada 2008-ci ildən planlaşdırılan Amerika ballistik raketlərdən müdafiə bazasının açılışında iştirak ediblər. Varşava ABŞ-ın prezidentlərinin ardıcıl olaraq göstərdiyi qətiyyəti yüksək qiymətləndirib.
Polşa Prezidenti Andjey Duda: “Birləşmiş Ştatlar həqiqətən də çox hiss olunacaq dərəcədə Polşa Respublikasının, eləcə də bütün Şimali Atlantik Alyansın təhlükəsizliyinin təminatçısıdır”.
Vaşinqtonun ünvanına deyilmiş hərarətli ifadələrə baxmayaraq, ABŞ-ın hakimiyyətə gələcək yeni prezidenti Donald Trampın Avropanın təhlükəsizliyinə sadiqliyi ilə bağlı narahatlıq var.
2017-ci ildə Tramp NATO-nu “köhnəlmiş” bir təşkilat adlandırıb və dəfələrlə NATO müttəfiqlərini tənqid edib.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp: “28 üzv ölkədən 23-ü hələ də öz müdafiəsi üçün ödəməli olduğu və ödəməsi lazım olduğunu xərcləmir. Bu, ABŞ xalqı və vergi ödəyənlərə münasibətdə ədalətli deyil”.
2018-ci il NATO sammitində müttəfiqlər bildiriblər ki, Tramp Avropa ölkələri hərbi xərcləri artırmasa, ABŞ-ı alyansdan çıxarmaqla hədələyib. Tramp uğur qazandığını iddia edib.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp: “Hər kəs öz öhdəliyini əhəmiyyətli dərəcədə artırmağa razı oldu. Onlar bunu əvvəllər düşünmədikləri səviyyələrə yüksəldəcəklər”.
Trampın bu ilin fevralında seçki kampaniyası zamanı dedikləri NATO-da daha bir narahatlıq dalğasına səbəb olub.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp: “Böyük bir ölkənin prezidentlərindən biri ayağa qalxıb dedi ki, “biz pul verməsək və Rusiya tərəfindən hücuma məruz qalsaq, bizi qoruyarsınızmı?” Mən “ödəməmisiniz, borclusunuz?” dedim. O dedi ki, “bəli, tutaq ki, belə oldu”. Xeyr, mən səni qorumazdım. Əslində, mən onları istədikləri hər şeyi etməyə təşviq edərdim. Ödəməlisiniz, borcları ödəməlisiniz.”
NATO-nun siyasət planlaşdırma şöbəsinin keçmiş rəhbəri Fabris Potier bildirib ki, Tramp vəzifəyə gəldikdə NATO müttəfiqləri daha çox pul xərcləmək üçün yeni təzyiqlərlə üzləşə bilərlər.
Rasmussen Global şirkətinin baş direktoru Fabris Potier: “Mən 2018-ci ildə olduğu kimi NATO üçün təhlükədən danışa biləcəyimizə o qədər əmin deyiləm. Lakin siz onun çox çətin bir sövdələşmə əldə etməyə çalışacağına əmin ola bilərsiniz. Diqqət təkcə təqribən 2 faiz kimi hədəfə nail olmaq deyil, həm də yəqin ki, iyun ayında Haaqada keçiriləcək növbəti [NATO] sammitində 2,5 və ya 3 faiz üçün zəmin yaradılmasına yönəldiləcək.”
Belə bir yanaşma Rusiyanın Ukraynaya təcavüzündən sonra çox güman ki, bir çox Avropa dövlətləri tərəfindən müsbət qarşılanacaq.
Rasmussen Global şirkətinin baş direktoru Fabris Potier: “Şərq cəbhəsində müttəfiqlər, məsələn, Polşa, Baltikyanı ölkələr və hətta Şimali Avropa ölkələri indi bunu yaxşı bir şey kimi görür. Amma düşünürəm ki, alyans daxilində hələ də onun transaksiya üsulu yanaşmasının kollektiv müdafiəyə inamı sarsıda biləcəyi ilə bağlı bəzi narahatlıqlar var”.
Donald Tramp ABŞ-ın NATO-dakı səfiri vəzifəsinə onun sadiq tərəfdarı Metyu Uitakerin namizədliyini irəli sürüb.
Tramp yazılı açıqlamasında Uitakerin “NATO müttəfiqlərimizlə əlaqələrimizi gücləndirəcəyini” və “Amerikanı Birinci yerdə” qoyacağını bildirib. Onun təyinatı ABŞ Senatı tərəfindən təsdiqlənməlidir.
visiontv.az