Los Ancelesin "sığınacaq şəhər" olmağa dair qərarı şəhərdə yaşayan sənədsiz immiqrantlara ümid verir
04.12.2024

Los Anceles şəhəri “sığınacaq şəhər” olmaqla bağlı qərar qəbul edib. Bu qərar Prezident seçilən Donald Trampın yanvar ayında vəzifəyə gələndən sonra kütləvi deportasiyalar həyata keçirmək vədinə cavab olaraq verilir. Qərar federal rəsmilərin sənədsiz immiqrantları deporatasiya etmələrinin qarşısını almasa da, şəhərin immiqrant əhalisini qoruyacağına dair vədini gücləndirir.

Klaudia Ventrua 20 ildir Los Ancelesdə yaşayır. Onun burada işi və ailəsi var, amma rəsmi sənədləri yoxdur. Ventura ABŞ-da leqal statusu olmayan təxminən 800 min Los Anceles sakinindən biridir. O da bir çoxları kimi, Donald Trampın seçkidə qalib gəlməsindən sonra özünü narahat hiss edir.

“Mən küçələrdə çox insan görmürəm….Daha az insan var, bu pisdir… məncə insanlar deportasiyalardan qorxurlar,” o deyir.

Los Anceles Şəhər Şurası noyabrın 19-da “sığınacaq şəhər” statusu ilə bağlı qərar qəbul edib. Bu isə o deməkdir ki, yerli polis və ştat rəsmiləri, ciddi qanun pozuntusu olmadığı halda, insanların immiqrasiya statusları ilə bağlı məlumatları federal immiqrasiya rəsmiləri ilə bölüşməyəcəklər.

“Bunun kimi şəhər qərarı Los Ancelesdəki icmaya və ölkənin geri qalan hissəsinə Los Ancelesdə mövcud resursların icmanın təhlükəsizliyini qorumaq, icmanın öz liderlərinə etibarını qoruyub-saxlamaq və icmanı inkişafda saxlamaq, onları həbs etməmək və ya icmalarında xaosa səbəb olmamaq üçün istifadə olunacağına dair güclü mesaj göndərəcək,” immiqrant hüquqları fəalı Horhe-Mario Kabrera deyir.

Ancaq şəhərdə hər kəs bu qərarla razılaşmır. Trampın tərəfdarları - seçki nəticələrinə əsasən, bu, sakinlərin 38 faizidir - Los Ancelesin sığınacaq şəhər olmasını istəmir.

“Məncə bu, biyabırçılıqdır. Biz öncə özümüzkülərin qayğısına qalmalıyıq. Amerika Birinci deyəndə bu o demək deyil ki, başqalarının qayğısına qalma, sadəcə olaraq bu o deməkdir ki, biz birinci özümüzkülərin qayğısına qalmalıyıq,” Kaliforniya sakini Linda Hanna deyir.

Linda Hannanın valideynləri Meksikadandır. Onlar Birləşmiş Ştatlara qanuni yolla gəliblər. O inanır ki, qanunsuz şəkildə gələn hər kəs deportasiya edilməlidir.

Bu qərarın praktikada təsiri çox az olacaq, çünki Los Anceles şəhəri 1979-cu ildən bəri polis və ya immiqrasiya rəsmilərinin insanlara immiqrasiya statusları haqda sual vermələrini qadağan edib.

Həm də Los Ancelesin yeni statusu o demək deyil ki, deportasiyalar ola bilməz. Bu sadəcə olaraq o deməkdir ki, yerli rəsmilər federal agentlərə qanunsuz immiqrantları tapıb, deportasiya etməyə kömək etməyəcək.

“Düşünürəm ki, federal agentlər yoldan keçən insanlardan sənədlərini istəmək yerinə, kütləvi reydələrə başlayacaqlar. Mən inanıram ki, fabriklərdə və kənd təsərrüfatı sahəsində kütləvi reydlər olacaq, çünki rəsmi məlumata görə, sənədsiz immiqrantların əksəriyyətinin orada çalışma ehtimalı daha yüksəkdir,” İmmiqrasiya üzrə vəkil Tatyana Edvards-Behar deyir.

Kabrera amnistiyanın deportasiyadan daha yaxşı bir seçim olduğuna inanır.

“Biz təkid etməliyik ki, kütləvi leqallaşdırma bir seçimdir. Biz təkid etməliyik ki, bu ölkədə immiqrantlarla daha yaxşı rəftar etməyin yolu var,” İmmiqrant hüquqları fəalı Horhe-Mario Kabrera deyir.

Tramp yanvarın 20-də inaqurasiyadan sonra ümummilli fövqəladə hal elan edə biləcəyinə və ABŞ-ın hərbi personalından kütləvi deportasiya aparmağa kömək etmək üçün istifadə edə biləcəyinə işarə edib. İmmiqrasiya hüquqları müdafiəçiləri isə buna qarşı məhkəmədə mübazirə aparacaqlarına söz veriblər.

visiontv.az