Bakı metrosunda pik vaxtda böyük interval niyə yaranıb?
04.12.2024

Bakı Metropoliteni xətlərində texniki baxımdan heç bir problem yoxdur. Sadəcə olaraq, ümumi minib-düşmək, qapıları tutub saxlamaq kimi proseslərdə olan ləngimələrin təsiridir.

Bunu BAKU.WS-ə açıqlamasında "Bakı Metropoliten" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib:

"Metronun "28 May" - "Dərnəgül" və "28 May" - "İçərişəhər" istiqamətlərində interval 4 dəqiqədən yuxarı olur. Həmin yaranmış 2-3 dəqiqəlik yuvanmalar da məhs yuxarıda sadaladığım amillərlə bağlıdır. Sərnişin sıxlığı səbəbilə minib-düşmə prosesinin ləngiməsi, qapıların tutub saxlanması stansiyalarda qatarın hərəkətinə təsir göstərir. Nəticə etibarilə qatar stansiyanı tərk etməyənə qədər növbəti qatar stansiyaya yaxınlaşmır və tuneldə gözləməli olur".

"Bəzi hallarda qapılar bir tərəfdə bağlanmış kimi görünür, lakin sərnişinin paltarı qapıya sıxışmış olur. Bu da maşinistin manitorunda qapının bağlı olmadığı barədə siqnal göstərir. Bu da o deməkdir ki, maşinist qapılar tam bağlanana qədər qapıları açıb-bağlayır. Hazırda bu məsələnin aradan qaldırılması üçün qatarların stansiyanı operativ tərk etməsi üçün tədbirlər görülür. Əsas problem ondan ibarətdir ki, əgər bir qatarın bir stansiyada yuvanması müşahidə edilirsə bu zəncirvari dalğa ilə digər stansiya və tunellərdə qatarların gözləməsinə səbəb olur. Nəticədə də interval yaranır", - deyə B. Məmmədov qeyd edib.

Visiontv.az