ABŞ prezidenti Donald Tramp uyğurların hüquqlarının pozulmasına görə Çin hökumətinə qarşı sanksiyalar paketini təsdiq edib. Banker.az xəbər verir ki, yeni qanun layihəsi ABŞ-ın qanunvericilik haqqında məlumat portalında yerləşdirilib.
Qeyd edildiyi kimi, uyğurlara təzyiq göstərilməsinə görə məsuliyyət daşıyan şəxslərə və təşkilatlara qarşı sanksiyalar tətbiq ediləcək. Qanun iki növ məhdudiyyətləri nəzərdə tutur – aktivlərin dondurulması və viza məhdudiyyətləri.
Visiontv.az xarici mətbuata istinadən xəbər verir ki, Konqres Çin hökumətinin Sinçzyan bölgəsindəki siyasəti və Çində yaşayan müsəlman azlıqların məcburi əməyə cəlb edilməsi barədə milli kəşfiyyatdan hesabat almağı planlaşdırır.
Bildiyimiz kimi, uyğurlar Çinin Sinçzyan-Uyğur bölgəsində yaşayan türk xalqıdır. Birləşmiş Millətlər Təşkilatının (BMT) qiymətləndirmələrinə görə, Çində təxminən 1 milyona yaxın uyğurun hüquqları pozulur.
Xatırladaq ki, daha keçən il ABŞ Çinin uyğurları və müsəlman azlıqların digər nümayəndələrini sıxışdırmasına görə 28 şirkətə qarşı sanksiyalar tətbiq etmişdir. Məhdudiyyətlər ixrac və reixrac sahələrini əhatə edirdi, o cümlədən tədarük lisenziyalarının ləğvini nəzərdə tuturdu.
Çin sanksiyalara cavab olaraq “Sinçzyanda belə bir problemin olmadığını” bildirib.