Ra’am lideri Mansur Abbas seçkilərin nəticələrindən sonra həm Netanyahunun düşərgəsinin, həm də Netanyahuya qarşı olan blokun ərəb partiyaları ilə danışıqlar apardığını deyir:
“Bizimlə hamı danışır, təkcə ‘dəyişiklik bloku’ deyil.”
Ra’am — Birləşmiş Ərəb Siyahısı — İsraildəki İslam Hərəkatının cənub qolundan qaynaqlanan mühafizəkar ərəb partiyasıdır.
Partiya 2021-ci ildə Birgə Siyahıdan ayrılaraq ərəb vətəndaşlarının daimi müxalifətdə qalmaqdansa, İsrail siyasətində iştirak etməklə daha çox fayda əldə edə biləcəyini müdafiə etdi.
Partiya Fələstin milli tələblərindən daha çox ərəb vətəndaşlarının gündəlik problemlərinə — cinayətkarlığa qarşı mübarizəyə, büdcələrə, mənzil təminatına və infrastruktura — diqqət yetirir.
2021-ci ildə Abbas hökumətə qoşulmazdan əvvəl Netanyahu ilə danışıqlar apardı, daha sonra Naftali Bennet və Yair Lapidin rəhbərlik etdiyi hökumətə qoşuldu. Bununla da Ra’am onilliklər ərzində İsraildə hakim koalisiyaya müstəqil şəkildə daxil olan ilk ərəb partiyası oldu.
Bu il partiya yenidən ayrıca seçkilərə qatıldı və siyahısında ikinci yeri yəhudi əsilli, polis sistemində yüksək vəzifədə çalışmış keçmiş rəsmilərdən Yoav Seqaloviçə verdi.
Mansur Abbas Qadi Ayzenkotun rəhbərlik edəcəyi hökumətə dəstək verməyə açıq olduğunu bildirsə də, “hələ hökumət qurmaq üçün kifayət qədər mandat yoxdur” dedi. O, yalnız dörd il davam edə biləcək, real və sabit koalisiya yaratmaq mümkün olduqda qərar verəcəyini vurğuladı.
Səslərin qismən hesablanmasının nəticələrinə görə, Netanyahunun bloku təxminən 55 mandat, ərəb partiyaları isə ümumilikdə təxminən 16 mandat əldə edib. Bu isə o deməkdir ki, ərəb partiyalarının dəstəyi olmadan tərəflərdən heç biri hökumət qurmaq üçün tələb olunan 61 mandat həddinə çata bilmir.
visiontv.az